Salyanda Çernobıl əlilləri ilə görüş keçirilib
Salyan, 26 aprel, Mahir Babayev, AZƏRTAC
Salyan Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayonun rəhbər işçiləri, Çernobıl faciəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 1986-cı il aprelin 26-da Ukraynanın Çernobl Atom Elektrik Stansiyasının dördüncü blokundakı qəzanın bəşər tarixinin ən dəhşətli fəlakətlərindən biri olduğunu qeyd edib, qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən 96 nəfər salyanlının göstərdiyi fədakarlıqlardan danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğı daha da artmış, bu qəbildən olan insanların maddi-rifah halının daha da yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalanmışdır. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Çernobıl faciəsi iştirakçılarının mənzil və məişət şəraiti yaxşılaşdırılır, müalicələri üçün lazımi şərait yaradılır.
Məlumat verilib ki, rayonda yaşayan 96 nəfər Çernobıl əlilinin hamısı II qrup əlillik statusu alıb, 3 nəfərə yeni mənzil, 2 nəfərə isə avtomobil verilib. 39 nəfər mənzil, 3 nəfər isə avtomobil növbəsinə yazılıb.
Mərasimdə çıxış edən Çernobıl Əlilləri Cəmiyyəti rayon təşkilatının sədri Rasim İbrahimov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.