Salyandakı dəniz suyunu duzsuzlaşdıran zavodun istehsal gücü artırılıb
Salyan, 1 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanın Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən dəniz suyunu duzsuzlaşdıran zavodunun istehsal gücü artırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infrastruktur imkanları gündə 2 min kubmetr olan, ilkin mərhələdə gündə 1000 kubmetr istehsal gücünə malik dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks 2013-cü ildən fəaliyyət göstərir. Kompleksdən 12 kilometr uzaqlıqda Xəzər dənizdən suyun götürülməsi üçün eni 8, uzunluğu 200, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib. Müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz edilən avadanlıqlar quraşdırılıb. Hazırda burada istehsal edilən duzsuzlaşdırılmış sudan müəssisə daxilində salınan tingliklərin, Xıdırlı kəndi yaxınlığında yaşıllaşdırma layihələri çərçivəsində əkilən ağacların və Ələt-Astara magistral avtomobil yolunun kənarında salınmış zeytun bağlarının suvarılmasında istifadə edilir. Layihəyə uyğun olaraq kompleksin ərazisində ildə bir milyon ağac və kol yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik salınıb. Avtomatik suvarma və gübrələnmə sistemi yaradılıb.
Zavodun direktor müavini Fərman İsmayılov bildirib ki, zavod ilkin mərhələdə sutkada min kubmetr şirin su istehsal edib. İstehsalı sutkada 2 min kubmetrə çatdırmaq üçün 2016-cı ildə zavodda yeni avadanlıqlar quraşdırılıb, ərazidə 4 yeni anbar və nasos stansiya tikilib. Həyata keçirilən tədbirlər nəticəsində zavodda Xəzər dənizinin duzlu suyundan sutkada 2 min kubmetr şirin su istehsal olunur ki, bu da ərazidə yaşıllıq və tingliklərin daha da genişləndirilməsinə və iri yaşayış məntəqələrinin içməli su ilə təchiz etməyə imkan verir.