SALYANLILAR QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏRİ YERİNƏ YETİRMƏK ƏZMİ NÜMAYİŞ ETDİRİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 29-da Salyan Rayonu İcra Hakimiyyətində 2007-ci ilin 9 ayında rayonun sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələri ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov Nazirlər Kabinetinin oktyabrın 22-də keçirilmiş iclasından irəli gələn vəzifələrlə bağlı məruzə etmişdir. O, ölkədə görülmüş işlər barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu ilin 9 ayında iqtisadi artım 27 faiz, sənaye istehsalının artımı da 27 faiz olmuş, əhalinin pul gəlirləri təxminən 40 faiz artmışdır.
Natiq əlavə etmişdir ki, rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası ilə əlaqədar məhsulun və xidmətin satışından əldə olunmuş gəlir 2006-cı ilə nisbətən 26,2 faiz artaraq 124 milyon 112 min 400 manata çatdırılmışdır. O cümlədən, sənayedə 59 faiz, tikinti-quraşdırma işlərində 91,3 faiz, investisiya qoyuluşu 21,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalında 4,9 faiz artım əldə olunmuşdur. Hesabat dövründə 2010 yeni iş yeri yaradılmış, üç iri müəssisə - “Şirvan” LTD-nin kərpic, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının konserv zavodları və Salyan süd emalı müəssisəsi işə salınmış, Çuxanlı və Ərəbqardaşbəyli kəndlərində süd qəbulu məntəqələri açılmış, “Salyan plastik kütlə emalı” Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunmuşdur.
Əhalinin enerji daşıyıcıları ilə təminatı məsələlərinə toxunan natiq bildirmişdir ki, rayonun uzun illər qazsız qalmış Kürqaraqaşlı, Dayıkənd və Seyidlər kəndlərinə təbii qaz verilişi bərpa olunmuş, 1400 metrlik qaz kəməri əsaslı təmir edilmiş, “Qırxçıraq-Salyan” qaz kəmərinin yenidən qurulmasına başlanmışdır.
Müşavirədə göstərilmişdir ki, əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə rayonun 7 yaşayış məntəqəsində - Ərəbqardaşbəyli, Aşağı Noxudlu, Yuxarı Noxudlu, Xocalı, Aşağı Kürkənd, Seyid Sadıqlı və Gomuşlu kəndlərində modul tipli sutəmizləyici qurğular tikilir.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına müvafiq olaraq rayonda kanalizasiya nasosxanası yenidən qurulmuş, 2 min metr uzunluqda içməli su xətti çəkilib istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin, regional əhəmiyyətli Salyan yarımstansiyasının, gündəlik istehsal gücü 60 min ədəd olan “AzərÇin” kərpic və gücü 50 ton olan asfalt zavodlarının inşası da yekunlaşmaq üzrədir.
Müzakirələrdə çıxış edənlər də cari ilin 9 ayında görülmüş işləri prinsipial mövqedən qiymətləndirmiş, salyanlıların ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, qarşıya qoyulmuş vəzifələrin dönmədən yerinə yetirilməsinə var qüvvə ilə çalışacaqlarını söyləmişlər.
Prezidentin İcra Aparatının məsul işçisi Dəyanət Abdullayev müşavirədə çıxış edərək rayonda həyata keçiriləcək sosial-iqtisadi tədbirlərlə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir.