ŞAMAXI GÜCLÜ LEYSAN YAĞIŞLARINA VƏ DAŞQINLARA MƏRUZ QALMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də saat 19.00 radələrindən başlayan güclü və aramsız leysan yağışları, bunun nəticəsində baş vermiş daşqınlar Şamaxı şəhərində və rayonun bir sıra kəndlərində ciddi fəsadlar törətmişdir. Sel suları Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhərindən keçən 5 kilometrlik hissəsində hərəkəti tamamilə mümkünsüz etmiş, nəticədə yüzlərlə nəqliyyat vasitəsi və sərnişin ciddi təhlükə qarşısında qalmışdır. Sel rayonun Ərçiman kənd sakini Şakir Fərəcovun və Qobustan rayonunun Ərəbşalbaş kənd sakini Manaf Çələbiyevin VAZ-2106 markalı avtomobillərini yoldan çıxararaq aşırtmışdır. Xoşbəxtlikdən tələfat olmamışdır.
Respublika Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstəsinin və rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasının daxili qüvvələr hesabına təşkil etdiyi operativ qrupun səyi ilə iyulun 9-da saat 1 radələrində magistral yolda avtomobillərin hərəkəti bərpa edilmişdir.
Leysan yağışları və sel suları Şamaxı şəhərində həyat ahəngini pozmuşdur. Belə ki, yollar dağılmış, elektrik dirəkləri aşmış, naqillər qırılmış, su və kanalizasiya xətlərinə xeyli zərər dəymişdir. Küçələrdə asfalt örtük dağılmışdır. Şəhərin Nərimanov küçəsi ilə Heydər Əliyev küçəsinin kəsişdiyi yerdə, avtovağzal ərazisində Dədə Qorqud qəsəbəsinə ayrılan yolun yaxınlığında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun şəhərdən keçən hissəsində ümumilikdə 288 kvadratmetr istinad divarları uçmuşdur.
Təbii fəlakət rayonun 30-a yaxın kənd yaşayış məntəqəsinə, 100 hektarlarla taxıl, üzüm və meyvə bağlarına ciddi ziyan vurmuşdur. Xüsusilə Cabanı, Həmyəli, Meysəri, Əngəxaran, Nağaraxana, Çuxuryurd, Qızmeydan və digər kəndlərdə bəzi evləri, həyətləri su basmış, hasarlar uçmuş, binalarda çatlar əmələ gəlmişdir. Adnalı kəndinin yaxınlığında dərə üzərindəki körpü uçmuşdur.
Hazırda rayon fövqəladə hallar komissiyası yerlərdə vəziyyətin öyrənilməsi və dəymiş zərərin müəyyənləşdirilməsi üçün araşdırmalar aparır.
İyulun 9-da baş vermiş təbii fəlakətlə əlaqədar rayon icra hakimiyyətində fövqəladə iclas keçirilmişdir.
######
![]() |
![]() |

