Şamaxıda keçirilən müşavirədə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub
Şamaxı, 26 noyabr, AZƏRTAC
Şamaxıda yanğın təhlükəsizliyi məsələlərinə həsr olunan müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektor əvəzi, daxili xidmət kapitanı Elvin İbrahimli, təhsil, səhiyyə, “Azərişıq”, “Azəriqaz”, Meşə Təsərrüfatı idarələrinin rəhbərləri, RİH başçısının qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda əhali arasında yanğın-texniki biliyin artırılması üçün təbliğat işlərinin görülməsinin vacibliyi qeyd edilib, bu məsələnin müəssisə rəhbərlərinin diqqətində olması tövsiyə olunub. Habelə qanunvericiliyə əsasən bu tələblərin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyət daşıdıqları bildirilib.
Müşavirədə hər bir şəxsin təhlükəsizlik tələblərinə əməl etməsi və yanğın təhlükəsizliyi barədə ümumvətəndaş məsuliyyəti daşıdığı, bu istiqamətdə mütəmadi olaraq təbliğat-təşviqat işləri aparmasının zəruriliyi vurğulanıb.
Sonda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydaları bir daha iştirakçıların diqqətinə çatdırılıb, yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi üçün müvafiq tapşırıqlar verilib.