SİYASƏT
ŞAMAXIDA SOYQIRIMI QURBANLARININ XATİRƏ ABİDƏSİ AÇILMIŞDIR
1918-ci il martın 31-də erməni millətçiləri Şamaxıda minlərlə günahsız insanı vəhşiçəsinə qətlə yetirmişlər. Şamaxıda bu dəhşətli faciənin baş verdiyi ərazidə xatirə abidəsi ucaldılmışdır.
Rayonun ziyalıları, ağsaqqalları açılış mərasimində çıxış edərək bu dəhşətli soyqırımından danışdılar, erməni vəhşiliyi, qəddarlığı barədə çoxlu faktlar söylədilər. Onlar mənfur erməni millətçilərinin iç üzünü bütün dünya ictimaiyyətinə açıb göstərməyin zəruriliyini vurğuladılar.
Mərasimdə iştirak edən Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı faciələrdən - soyqırımlarından, onun xalqımıza gətirdiyi məhrumiyyətlərdən danışdı. Tədbirdə məktəblilər Vətənə, torpağa həsr olunmuş şerlər soylədilər.