Şamaxıda Zərifə Əliyevanın 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib






Şamaxı, 28 aprel, AZƏRTAC
Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, tibb işçiləri və digər qonaqlar iştirak ediblər.
Çıxış edən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, xəstəxananın həkim-oftalmoloqu Gülnarə Sadıqova, icra başçısı Tahir Məmmədov və deputat Tamam Cəfərova akademik Zərifə Əliyevanın görkəmli alim, qayğıkeş insan və böyük ziyalı kimi zəngin həyat və fəaliyyətindən danışıblar. Bildirilib ki, Zərifə xanım oftalmologiya sahəsində elmi məktəb yaradıb, Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub.
Çıxışlarda Zərifə Əliyevanın çoxşaxəli humanitar missiyasının bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub.
Tədbirin sonunda akademikin həyat və fəaliyyətinə həsr edilən qısametrajlı film nümayiş olunub.