Samuxda koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb
Samux, 11 avqust, Elcan Məmmədov, AZƏRTAC
Samux Rayon İcra Hakimiyyəti tərəfindən epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə Samux şəhərində, qəsəbə və kəndlərdə əsas küçə və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin xüsusi texnikaları və əməkdaşları Samux şəhərinin əsas küçə və prospektində, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, bankomat və ödəniş terminalllarında, məişət tullantılarının atıldığı konteynerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Əhali ilə maarfləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, vaksinasiya prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Rayon ərazisində yoluxmanın qarşısının alınması məqsədilə gündəlik olaraq səyyar həkim briqadaları əhalinin peyvənd olunması üçün ucqar kəndlərə səfər edirlər.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 1000-i ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.