Samuxda koronavirus pandemiyasına qarşı maarifləndirici təbliğat işləri aparılır
Samux, 15 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar Samux rayonunda da koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, rayonda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyəti aparatının məsul nümayəndələri, polis əməkdaşları və könüllülərdən ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində reydlər keçirir, əhali arasında maarifləndirici təbliğat işləri aparırlar.
İctimai nəqliyyatda və digər məkanlarda keçirilən növbəti reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi bir daha ətraflı izah edilib. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində intizam tədbirləri həyata keçiriləcək.