SAP və “Kasperski Laboratoriyası” əməkdaşlığa dair memorandum imzalayıb
Bakı, 14 aprel, AZƏRTAC
“Kasperski Laboratoriyası” və SAP MDB əməkdaşlığa dair memorandum imzalayıb.
Sənədin məqsədi “Kasperski Laboratoriyası”nın texnologiyaları vasitəsilə əldə edilən məlumatlardan faydalanaraq SAP-ın korporasiya həllərinin effektivliyini artırmaqdır.
Əməkdaşlığın ilk mərhələsində sənaye müəssisələrinin idarə olunması üçün SAP həllərinə yeni imkanlar əlavə ediləcək. Monitorinq və iqtisadi təhlükəsizliyin təmin olunması sisteminə SAP tərəfindən hazırlanmış və şirkətlərdə fəaliyyət göstərən xüsusi plaqin yerləşdiriləcək. Eyni zamanda, mühüm infrastrukturun müdafiəsi üçün yaradılmış “Kaspersky Industrial CyberSecurity” xüsusi yığım platforması sənaye obyektlərindən məlumat almağa imkan yaradacaq. Bundan əlavə, SAP mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəcək və gələcəkdə təhlilin köməyi ilə öz həllərinə istehsalatın effektivliyini artıracaq dəyişikliklər edə biləcəklər. Bu əməkdaşlıq çərçivəsində şirkətlər SAP həllərinin və “Kasperski Laboratoriyası”nın məhsullarının gələcəkdə daha sıx inteqrasiya imkanlarını nəzərdən keçirəcəklər.
Şirkətlər birgə ictimai marketinq üzrə tədbir və seminarlar keçirməyi, həmçinin cari və potensial SAP əməkdaşları və müştərilərinə məhsulların yeni imkanlarını nümayiş etmək üçün demo-stend hazırlamağı planlaşdırır.