Səbaildə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda rayon məktəblilərinin konfransı keçirilib
Bakı, 7 may, AZƏRTAC
Artıq 3-cü ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir. Ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar edirlər.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin rəhbərlərinin qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid növbəti elmi praktiki konfrans keçirilib.
Konfransın əvvəlində tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Səbail rayonu 6 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdi Həmidə Sadıxova və 10-cu sinif şagirdi İsmət Əliyevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.
Qeyd olunub ki, əvvəlki illərdə keçirilən konfranslarda məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilib və artıq “Heydər Əliyev və Azərbaycan tarixi” adlı 2 kitab buraxılıb və onların təqdimatı olub.
Konfransın işində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındakı rolu əvəzolunmazdır. O deyib: “Bir xoşbəxtlikdir ki, ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir. Bu gün dövlətimizin başçısı İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir”.
İyirmiyə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verib. Bildirib ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilib və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti 3-сü kitab çap olunacaq.