“SEÇKİ MƏCƏLLƏSİ” LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLMİŞDİR
Milli Məclisin aprelin 1-də keçirilən iclasında “Seçki Məcəlləsi” layihəsinin müzakirəsi davam etdirilmişdir.
Deputatlar İbrahim İsayev, Şahlar Əsgərov, Mais Səfərli, Siyavuş Novruzov, İqbal Ağazadə, Əli Əhmədov, Qüdrət Həsənquliyev, Şadman Hüseyn və başqaları vətəndaşların seçki hüquqlarının qorunması, xaricdə yaşayan azərbaycanlıların səsvermədə iştirakının təşkili, din xadimlərinin seçki təşviqatında iştirakı, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin seçkilərdə iştirakı, dövlət qulluqçularının və din xadimlərinin bələdiyyə orqanlarında və parlamentdə təmsil olunmaları və digər məsələlər barədə fikirlərini bildirmişlər.
Müxalifətdən olan deputatlar layihənin fəsillərlə müzakirəsi zamanı qanun pozuntusuna yol verildiyini iddia edərək, iclas salonunu tərk etmişlər. Deputatlar onların bu hərəkətini Seçki Məcəlləsinin vaxtında qəbulunu əngəlləmək cəhdi kimi qiymətləndirmişlər.
Deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirən Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev demişdir ki, xaricdə yaşayan azərbaycanlıların hamısının bütün seçkilərdə iştirakı texniki və maddi cəhətdən mümkün deyildir. Yalnız Azərbaycanın səfirlikləri və konsulluqları olan ölkələrdəki vətəndaşlarımızın seçkilərdə iştirakı mümkündür. Bu da təkcə həmin instansiyaların olduğu şəhərlərdə həyata keçirilə bilər. Din xadimlərinə isə bələdiyyə orqanlarında təmsil olunmağa icazə verilir. Bələdiyyələr dövlət orqanı deyildir. Din xadimləri seçkilər zamanı təşviqat prosesində iştirak edə bilərlər. Deputat seçilmiş dövlət qulluqçusu isə tutduğu vəzifədən dərhal azad olunur və bu işə MSK nəzarət edir.
Müzakirələr gələn iclasda davam etdiriləcəkdir.