Sədərək rayonunda Vətən müharibəsi şəhidləri ehtiramla anılıb
Sədərək, 2 noyabr, AZƏRTAC
Muxtar respublikanın Sədərək rayonunda Vətən müharibəsi şəhidləri Məmmədhəsən Sadiqlinin, Rüfət Gözəlovun və Tağı Abdullazadənin şəhadətə qovuşduqları gün anım tədbirləri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov Azərbaycan igidlərinin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdıqlarını vurğulayıb. Qeyd edib ki, həmin günlərdə dövlətçilik tariximizin ən parlaq səhifələri yazılıb, düşmən üzərində möhtəşəm Qələbə qazanılıb. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində düşmənə layiqli cavab verilib. Bu müharibə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını, xalq-ordu-dövlət birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Tarixin bütün dövrlərində öz döyüşkənliyi və cəsarəti, igidliyi, qəhrəmanlığı ilə tanınan Naxçıvanın igid oğulları da Vətən müharibəsində qazanılan Qələbəyə öz töhfələrini veriblər. Müharibədə dastan yazan igidlərimiz qəhrəman kimi öz yurdlarına qayıdıblar. Naxçıvanın qeyrət qalası Sədərəyin qəhrəman oğullarından -Tağı Abdullazadə, Rüfət Gözəlov və Məmmədhəsən Sadiqli də Vətənimizin bütövlüyü uğrunda canlarından keçiblər. Onların həyat yolu gənclər üçün əsl vətənpərvərlik nümunəsidir.
Şəhid atası, Dəmirçi kənd sakini Meydan Sadiqli deyib ki, humanist rəhbərimizin və xalqımızın sülh tərəfdarı olmasına baxmayaraq, o mənfurlar öz caynaqlarını torpağımızdan çəkmir, əksinə, tez-tez atəşkəsi pozur, yeni torpaqlar eşqinə düşürdülər. Həmin gün yeni bir hücumun qarşısında xalqımızın səbir kasası daşdı, Ordumuzun əks-hücumu başlandı. Atalardan oğullara ərməğan olan sıx birliyi, dövlətə, Vətənə sədaqəti bir daha sübut edib Vətən müharibəsində qalib gəldik. Məmmədhəsən kimi yüzlərlə igid öz canını Vətənə fəda etdi. Onlar tarixin axışını dəyişdirdi. Yeni bir qəhrəmanlıq səhifəsi açdılar. Belə oğullarla ancaq qürur duyuruq. Düşmən sevinməsin ki, oğullarımızı şəhid etdi. Biz bir ölüb, min dirilirik!
Sədərək rayon Dəmirçi kəndindən olan şəhid anası Ruhəngiz Gözəlova diqqətə çatdırıb ki, bu gün Azərbaycan qadını tarixin heç bir dövründə olmadığı qədər güclü, qürurludur. Çünki oğullarımız, qardaşlarımız illər öncə bir xəyanət ucbatından itirilən torpaqları geri qaytardı. Yurdumuzu ana Vətənimizə qaytarmaqla alnımıza yazılan ləkəni sildi. O igidlər Vətəni öz anası bildi, onun bütövlüyü uğrunda canlarından keçdi. Dövlətimiz hər zaman biz şəhid ailələrinin yanındadır. Biz fəxr edirik ki, övladlarımız belə bir müqəddəs amal uğrunda canından keçib.
Sədərək döyüşlərinin iştirakçısı, şəhid atası İlham Abdullayev göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirərək deyib ki, naxçıvanlılar ötən əsrin əvvəlində də bu cəsarəti və hünəri göstərib muxtar respublikamızın sərhədlərini düşməndən qorudular. Həmin illərdə silah-sursatsız səngərlərdə günlərlə ac-susuz qalsaq da, yüzlərlə şəhid versək də torpağımızı qoruduq. Vətən müharibəsində də yurdumuzun igidləri öz sözünü dedi. Bu gün muxtar respublikada şəhid ailələri və yaxınları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə edilir, onların anım mərasimləri təşkil edilir. Buna görə dövlətimizə minnətdarıq.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi anılaraq məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.