İQTİSADİYYAT
Sədr: Azərbaycan auditorları şəffaflığın təkmilləşdirilməsi sahəsində öz vəzifələrini uğurla həyata keçirəcəklər
Bakı, 16 sentyabr, AZƏRTAC
Qarşıdan gələn COP29-un reallaşması istiqamətində qəbul edilən təkliflərin icrası ilə əlaqədar bundan sonra da Azərbaycan auditorları dövlətimizin yanında olacaq və hesabatlılığın, şəffaflığın təkmilləşdirilməsi sahəsində yeni dövrün çağırışları nəzərə alınmaqla öz vəzifələrini uğurla həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanda audit son 30 ildə bərqərar olunmağa başlayıb, lakin son illərdə bilavasitə ölkə başçısının qayğısı sayəsində sahibkarlığın inkişafı böyük vüsət alıb.
“Auditor fəaliyyəti də sahibkarlığın bir sahəsi kimi inkişaf edir. Bu xidməti göstərmək üçün peşəkar, yüksək biliyə və bacarığa malik mütəxəssislər tələb olunur. Həmin auditorlar da palata tərəfindən yetişdirilir. Müvafiq ali məktəbləri qurtardıqdan sonra onlar daima tədrisə cəlb olunurlar və xidmət göstərən auditorların keyfiyyəti Auditorlar Palatası tərəfindən daima nəzarətdə saxlanılır. Bunun da nəticəsində ölkəmizdə həm auditor təşkilatlarının, həm də sərbəst auditorların sayı durmadan artmaqdadır. Regionlarda da təşkilatlarımız uğurla fəaliyyət göstərir”, - deyə V.Novruzov vurğulayıb.