Şəfa tapmaq istəyənlər Qaxın “Şəfa” pansionatını seçirlər
Qax, 11 avqust (AZƏRTAC). Turizmin inkişafı üçün əlverişli iqlim şəraitinə, əsrarəngiz təbiətə malik olan Qax rayonu zəngin yeraltı və yerüstü su sərvətləri, mineral şəfa bulaqları ilə də məşhurdur. Bol mineral su ehtiyatlarının olması rayonda sanator-müalicə müəssisələrinin yaradılmasını zəruri etmişdir.
Belə müalicə müəssisələrindən biri də rayonun Süskənd kəndi yaxınlığında, “Qax” mineral su bulağının qaynaqlandığı ərazidə 1988-ci ildən fəaliyyət göstərən “Şəfa” müalicə pansionatıdır.
Müəssisənin rəhbəri İftixar Saadov AZƏRTAC-a bildirmişdir ki, pansionata gələnlərin əksəriyyəti “Qax” mineral suyu ilə müalicəyə üstünlük verənlərdir. Süfrə suyu kimi də məşhur olan bu suyun tərkibi müxtəlif minerallarla zəngin olduğundan onun çox böyük müalicəvi əhəmiyyəti vardır. Pansionatda mədə-bağırsaq, qaraciyər, öd yolları, maddələr mübadiləsi pozğunluqları, böyrək daşı, ürək qan-damar, sümük oynağı sistemi və başqa xəstəliklər müalicə olunur. Burada xəstələr xvoylu vanna, parafin-naftalanlı müalicə, fizioterapiya, masaj, mədənin və bağırsağın yuyulması və digər müalicələr alırlar. 75 nəfər tibbi heyətin çalışdığı pansionatın müalicə şöbəsində yüksək ixtisaslı uroloq, kardioloq, terapevt, pediatr fəaliyyət göstərir.
Baş həkimin bildirdiyinə görə, 119 çarpayılıq pansionatda bir, iki, üç və dörd nəfərlik lüks və yarımlüks olmaqla cəmi 36 otaq vardır. Pansionata gəliş iyunun 1-dən başlayır və sentyabrın sonunadək davam edir. Mövsüm ərzində burada 6 gəlişdə 700 nəfərədək xəstə müalicə olunur, dincəlir. Pansionatda boş yer demək olar ki, olmur. Təəssüf ki, hər cür şəraiti və böyük müalicəvi əhəmiyyəti olan bu müəssisə ilin cəmi 4 ayı fəaliyyət göstərir. Qalan vaxtlarda isə işçilər məcburi məzuniyyətə göndərilirlər. Halbuki, 1997-ci ilə qədər pansionat ilboyu fəaliyyət göstərirdi. Baş həkim xəstələrə şəfa verən bu şəfa ocağının ilboyu fəaliyyət göstərməsi üçün əlaqədar təşkilatlardan kömək gözlədiyini bildirmişdir.