Şəhid anası: Göstərilən qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığımı bildirirəm
Bakı, 31 yanvar, AZƏRTAC
Oğlum Xaliq Ocaxverdiyev 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətən uğrunda canını fəda edəndə çox gənc idi. Mən fəxr edirəm ki, oğlum ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək əbədiyyətə qovuşan hərbi qulluqçulardan biridir. Şəhidlər heç zaman unudulmur, onların xatirəsi ürəklərdə əbədi yaşayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində şəhidin anası Roza Ocaxverdiyeva deyib.
O, həmçinin şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə münasibət bildirib: “Azərbaycanda şəhid ailələrinə, şəhid hərbi qulluqçuların vərəsələrinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin ötən il prezident seçkilərində qalib gəldikdən sonra ilk imzaladığı Fərmanın şəhid ailələri ilə bağlı olması da bunun bariz nümunəsidir. Yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak edənlər arasında mən də var idim. Ölkə başçısı öz çıxışında şəhid ailələrinin, vətəndaşların sosial məsələlərinin bundan sonra da daim diqqət mərkəzində olacağını bildirdi. Göstərilən qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, işğaldakı torpaqlarımız tezliklə azad olunsun və şəhidlərin qanı yerdə qalmasın”.