Şəhid Məhəmmədəli İbrahimlinin xatirəsi anılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin əməkdaşları tərəfindən 269 nömrəli tam orta məktəbin şəhid Məhəmmədəli İbrahimlinin adı verilmiş sinif otağında tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə 44 günlük müharibədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra məktəbin müəllimi Mələksuba Yaqubova sinif otağına şəhid adı verilməsi haqqında öz fikrini bölüşərək, tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib.
Xətai rayon MKS-in uşaq şöbəsinin müdiri Təranə Quliyeva şəhid Məhəmmədəli İbrahimlinin keçdiyi həyat və döyüş yolundan danışıb.
Tədbirdə həmçinin şəhidin anası İlhamə İbrahimli övladı Məhəmmədəli İbrahimlinin xatirəsinin əziz tutularaq, yad edildiyi üçün məktəbin direktoru və müəllim kollektivinə təşəkkür edib.
Bədii hissədə şagirdlərin ifasında şəhidin adına yazılmış şeirlər səsləndirilib.