Şəhidlərimiz İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİHB-nin müavinləri, şöbə müdirləri şəhid ailələri və qazilər, şəhidlərin doğmaları və yaxınları iştirak ediblər.
Anım günü münasibətilə şəhidlərin Binə-Sovxoz Şəhidlər xiyabanındakı məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi, ruhları böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev şəhid qardaşların ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatı bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür edib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Qeyd edək ki, İman və Bəhrəm Məmmədzadə qardaşları 2020-ci il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq qəhrəmancasına şəhid olublar.
Onlar ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.