ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Rusiyalı qonaqlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar. Qonaqlar buradan Bakının mənzərəsini seyr etmişlər.
Sergey Şoyqu jurnalistlərə bildirmişdir ki, səfərin məqsədi ikiillik əməkdaşlığın nəticələrini təhlil etmək, gələcək vəzifələri müəyyənləşdirməkdir.
Səfər çərçivəsində keçirdiyi görüşlərdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı məsələnin də müzakirə olunduğunu deyən qonaq yaxın bir ayda bununla bağlı işə başlanacağını qeyd etmişdir. Sergey Şoyqu bildirmişdir ki, bundan başqa, böhranlı vəziyyətlərdə milli idarəetmə mərkəzinin yaradılması ətrafında da fikir mübadiləsi aparılmış, həm dənizdə, həm meşə yanğınları zamanı kömək göstərmək məqsədi ilə aviasiyanın gələcək inkişafı ətrafında da danışıqlar olmuşdur. Azərbaycan Fövqəladə Hallar Hazirliyi aviasiyasının üçüncü ölkələrlə əməkdaşlıq məsələlərini də nəzərdən keçirəcəyik.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qeyd etmişdir ki, MDB ölkələri arasında Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ilə ən sıx əlaqəni Azərbaycanın Fövqəladə Hallar Nazirliyi saxlayır. Belə ki, bizim nazirliyin maddi-texniki bazasının yaradılmasında, digər müasir texnikaların alınmasında və istifadəsində həmin qurumun həm təcrübəsindən istifadə edilmiş, həm də onların istifadə etdiyi ən müasir avadanlıq alınmışdır.
Kəmaləddin Heydərov bildirmişdir ki, dünyada həm fəlakətlərin, həm də texnogen qəzaların sayı artır. Ona görə də biz ən təcrübəli ölkələrin, o cümlədən rusiyalı həmkarlarımızın təcrübəsindən istifadə etmək üçün həmişə danışıqlar aparırıq. Sergey Şoyqunun bu səfəri iki il ərzində görülən işlərin nəticələri ilə tanış olmağa, gələcək əməkdaşlığımızla bağlı danışıqlar aparmağa imkan verəcəkdir
######
