“Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlanıb
Bakı, 11 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının xidmət şöbəsinin müdiri Y.Babayeva “Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx şəhid İman Səfər oğlu Əliyevə həsr olunub.
Bildirilir ki, İmam Əliyev 1998-ci il iyulun 16-da Balakən rayonunun İtitala kəndində anadan olub. 2004-2015-ci illərdə A.Balayev adına İtitala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
İmam Əliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İmam Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmam Əliyev oktyabrın 7-də Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən rayonunun İtitala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Videoçarxı kitabxananın yutub kanalından izləyə bilərsiniz.