CƏMİYYƏT
Səhiyyə işçilərinin fövqəladə hallar və mülki müdafiə sahəsində bilikləri artırılır
Bakı, 14 noyabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən şəhərdəki bərpa-müalicə xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər səhiyyə şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən keçirilən tədbirin əsas məqsədi səhiyyə işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasında, səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmasında profilaktik tədbirlər görülməsinə nail olmaqdır.
Tədbirdə regional mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər səhiyyə şöbəsinin əməkdaşları, xəstəxananın tibbi personalı iştirak etmişdir. Fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, qaz cihazlarından düzgün istifadə, 112 qaynar telefon xəttinin əhəmiyyəti və digər mövzularında çıxışlar dinlənilmişdir.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş olunmuşdur.
Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.