Səhiyyə Nazirliyinin baş infeksionisti: Gündəlik yoluxma sayı “delta” ştamının sürətlə yayıldığını sübut edir
Bakı, 11 avqust, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası başa çatmayıb, əksinə yoluxduruculuq xüsusiyyəti daha güclü olan “delta” ştamı geniş yayılıb. Ona görə də arxayınlaşmaq üçün əsas yoxdur.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun dediyinə görə, koronavirusun “delta” ştamı digərləri ilə müqayisədə daha yoluxdurucudur: “Son günlər Azərbaycanda koronavirusa gündəlik yoluxma sayının artım dinamikası da “delta” variantının sürətlə yayıldığını sübut edir. Britaniya ştamı bu qədər yoluxdurucu deyil. Ona görə vətəndaşlar sosial məsafəni qorumalı, tibbi maska və dezinfeksiya məhlullarından istifadə etməli, vaksinasiya prosesi sürətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda sutkada 100 min doza vaksin vurulması üçün imkan var. Məhdudiyyətlərin yenidən tətbiq olunmaması üçün COVID-19 əleyhinə peyvənd vurdurulması başlıca şərtdir”.
O, birinci və ikinci dozalarda fərqli peyvənd növündən istifadə edilməsinə də aydınlıq gətirib: “Həmin məsələ ilə əlaqədar tədqiqat aparılmayıb. Sadəcə Avropanın bəzi ölkələrində vaksinasiyanın birinci və ikinci mərhələsində fərqli peyvəndlərdən istifadə edilib. Lakin daha yaxşı olar ki, koronavirus əleyhinə vurulan peyvəndin ən azı iki dozası eyni növdən olsun”.
Xatırladaq ki, Azərbaycanda COVID-19 əleyhinə “Sinovac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.