Şəhriyar Məmmədyarov: Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk oyununda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hindistanlı Panayapan Seturaman üzərində qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra keçirdiyi mətbuat konfransında Ş.Məmmədyarov qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “Bu dəfə fərqli oynadım. Rəqib isə məndən başqa gedış gözləyirdi. İlk dəfədir ki, həyatımda belə bir variantdan istifadə etdim. Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum. Bu dəfə isə ehtiyatı əldən vermədim. Sona yaxın bir gediş üzərində xeyli düşündüm. Partiya başa çatdıqdan sonra həmin gedişlə bağlı rəqibimə sual verdim. O isə bildirdi ki, fərqli oynayacaqdı. Belə çıxır ki, 50 dəqiqə boş yerə düşünmüşəm”.
Şahmatçımız rəqibi haqqında da danışıb: “Təbii ki, rəqibim güclüdür. O, əvvəlki 2 mərhələdə 4 oyundan 3-də qalib gəlib, 1 dəfə heç-heçə oynayıb. Tay-breykin nə olduğunu bilmir. Hazırda yaxşı formadadır. Bu gün qalib gəlsəm də rəqib güclüdür. Ümumiyyətlə, hər rəqibə hörmətlə yanaşmaq lazımdır”.
Ş.Məmmədyarov qeyd edib ki, Dünya Kubokunda iştirakçılar xeyli güc itirirlər. Dünya Kubokunun qəribəliyi bundadır ki, yarış getdikcə idmançı yorulur. Sona yaxın şahmatçılar adi səhvlərə yol verirlər. Qələbə qazanmaq hər zaman xoşdur. Amma çox güc itirirsən. Elə oyunçular var ki, hər mərhələdə tay-breykdə oynayırlar. Bu isə o deməkdir ki, ardıcıl hər gün 8-9 saat düşünürsən. Yorğunçuluq qaçılmazdı. Çalışmaq lazımdır ki, maraqlı oyunlar olsun.