Şəkər çuğunduru istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı regional müşavirə keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
İmişli rayonunda yerləşən şəkər zavodunda və Beyləqanda “Respublikada şəkər çuğunduru istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İmişli, Saatlı, Sabirabad, Füzuli və Beyləqan rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri, şəkər çuğunduru istehsalçıları və digər aidiyyəti mütəxəssislər iştirak edib.
Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə qeyd edilib ki, Azərbaycanın torpaq-iqlim şəraiti şəkər və qənnadı məmulatlarının istehsalında əsas xammal mənbəyi olan şəkər çuğundurunun becərilməsi və ondan yüksək məhsul alınması üçün əlverişlidir. 2019-cu ildə respublikanın 25 rayonunda əkilən 7 min 345 hektar sahədən 236 min ton məhsul toplanıb.
Müşavirədə şəkər çuğundurunun əkin sahələrinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib, sahələrin seçilməsi, toxum tələbatına dair məsələlər, texnika, mineral gübrələr və pestisidlərlə təminatın vəziyyəti müzakirə edilib.
Tədbirdə şəkər çuğundurunun yeni məhsuldar sortlarının yaradılması, toxumçuluğun təşkili, innovativ becərmə texnologiyalarının tətbiqi, məhsulun yığılması, daşınması, zavoda təhvil verilməsi zamanı keyfiyyətin qiymətləndirilməsində müşahidə edilən çətinliklərin aradan qaldırılması ilə bağlı təklif və tövsiyələr dinlənilib və aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.