ŞƏKİ İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ MÜŞAVİRƏ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 9-da Şəkidə geniş müşavirə keçirmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev müşavirəni giriş nitqi ilə açdı.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ
-Axşamınız xeyir olsun.
Bu gün səhərdən mən sizin rayondayam, şəhərdəyəm, sizinlə bir yerdəyik. Biz birlikdə Olimpiya idman kompleksini açdıq. Bu, həm Şəki rayonu, həm də, ümumiyyətlə, respublikamız üçün böyük hadisədir. Azərbaycanın Milli Olimpiya Komitəsinin, onun prezidenti İlham Əliyevin təşəbbüsü ilə son iki ildə respublikamızda belə olimpiya idman kompleksləri yaranmışdır. Bunlar artıq öz müsbət nəticələrini göstərirlər. Biri də qısa müddətdə, cəmi on ay ərzində burada - Şəkidə inşa edilibdir. Özü də gözəl inşa ediblər, yeri də çox gözəl seçiblər. Ətrafdakı ərazini də yaxşı abadlaşdırıblar. Ən əsası odur ki, Şəki rayonu böyük bir hədiyyə alıbdır. Özü heç bir əziyyət çəkmədən, dövlət tərəfindən vəsait ayrılmadan, yaxud da başqa tədbirlər görmədən belə bir gözəl idman sarayı, kompleksi alıbdır. Bunun böyük əhəmiyyəti olduğuna görə, mən kompleksin açılışı münasibətilə sizin rayona gəldim. Onsuz da mən Şəkiyə gəlməyi çoxdan planlaşdırırdım. Çox çalışırdım ki, gəlim, ancaq hər dəfə bəzi işlər mane olurdu. Kompleks hazır olandan sonra başqa işlərin hamısını kənara qoydum, gəldim və bu gün sizinlə onu açdıq. Bu münasibətlə mən sizi, şəkililəri bir daha təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu böyük idman kompleksindən səmərəli istifadə edəcəksiniz. Bu da Şəkidə idmanın, bədən tərbiyəsinin inkişafına böyük müsbət təsirini göstərəcəkdir. Gənclərin idmanla, bədən tərbiyəsi ilə məşğul olmasına imkan yaradacaq, onları özünə cəlb edəcəkdir. Bunların hamısı Şəki rayonunun həyatını daha da gözəlləşdirəcəkdir. Mən sizi təbrik edirəm.
Olimpiya idman kompleksini açarkən, o mitinqə on minlərlə adam toplaşmışdı. Şəki əhalisinin, demək olar, bütün təbəqələri orada idi. Uşaqlardan tutmuş qocalaradək, qadınlar, kişilər, qızlar, oğlanlar mitinqdə idilər. Bu mitinq, açılış mərasimi çox yaxşı təəssürat yaratdı. Sonra mən sizin mərkəzi küçə ilə ipək kombinatına gedərkən,- bayaq həmin küçə ilə buraya gəlirdim,- hər iki tərəf insanlarla dolu idi, Sabit Rəhman adına Dram Teatrının qarşısındakı meydanda da xeyli adam vardı. Mən on minlərlə insan gördüm. Evlərindən, qapılarından boylanan, yaxud eyvanlarından müşahidə edən insanları gördüm. Məni sevindirən o oldu ki, bu gün səhərdən axşamadək Şəkidə gördüyüm insanların hamısında çox xoş əhval-ruhiyyə var. Hiss etdim ki, onların hamısı belə əhval-ruhiyyədə olmasaydı, bu insanlar orada olmazdılar. Mən insanların üzünə, gözünə diqqətlə baxırdım. Mitinqdə, yaxud da küçədə onların hansı hisslər keçirdiklərini görürdüm. Şəki əhalisinin, demək olar, əksəriyyəti küçələrdə idi.
Onların hamısı Azərbaycanın dövlətçiliyinə, müstəqil Azərbaycana, bizim gördüyümüz işlərə məhəbbət, hörmət və ehtiram hissləri ilə toplaşmışdılar. Bunların hamısı Şəkidə əhalinin, yenə də deyirəm, çox yaxşı əhval-ruhiyyədə olduğunu göstərir.
Təbiidir, Şəkidə yaxşı işlər də çoxdur, ancaq nöqsanlar da, qüsurlar da var. İnsanların hər biri üçün, bəlkə də, çatışmayan şeylər də var. Yenə də deyirəm, Şəkidə işsizlik də var. Bu, ən böyük problemlərdən biridir. Yəni insanların hamısı bizim istədiyimiz kimi rifah halına nail ola bilməyiblər. Ancaq buna baxmayaraq, onlarda mənəvi hisslər çox üstündür. Ona görə də onlar bu gün Azərbaycan Prezidentinin Şəkidə olmasını bu cür böyük hörmət və ehtiramla, bizim dövlətçiliyimizə sədaqət hissi ilə qarşılayırdılar.
Şəki özü,- mən bu barədə demişəm,- gözəl şəhərdir, tarixi şəhərdir, mədəniyyət abidələri şəhəridir, muzeydir. Bəli, bunların hamısı var. Amma bunları əsrlər boyu yaradanlar insanlardır. Bu gün də bütün bu əhval-ruhiyyəni, bütün bu sağlam mühitin yaradıcısı insanların özləridir, onların daxili mədəniyyətidir. Mən bunu belə hiss etdim və belə qiymətləndirirəm. Bu da sizin nailiyyətinizdir. Bu nailiyyətinizə görə də mən sizin işinizi bəyənirəm və təbrik edirəm.
İndi isə mən, əvvəldən planlaşdırdığım kimi, - bildiyimə görə buraya Şəki rayonunun vəzifəli şəxsləri, ictimaiyyətin nümayəndələri toplaşıblar, - bu gün Şəkidəki sosial-iqtisadi vəziyyət, Şəkinin həyatında olan nöqsanlar, çatışmazlıqlar və onların aradan qaldırılması üçün, Şəki sakinlərinin rifah halının yaxşılaşdırılması üçün tədbirlər haqqında bir az söhbət aparmaq istəyirəm. Hesab edirəm ki, icra hakimiyyətinin başçısı bu barədə qısaca məlumat verər, ondan sonra biz Azərbaycanın iqtisadi inkişaf nazirini dinləyərik. Bilirəm ki, elektrik enerjisi ilə təchizat hələlik bir problem olaraq qalır. Ona görə mən “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi çağırmışam, onu dinləyərik. Qaz təminatı ilə əlaqədar “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədrini dinləyərik. Sonra iştirakçılardan kimsə söz demək istəsə, mən dinləməyə hazıram. Bununla da bugünkü görüşümüzü keçirərik.
Sözü Şəki Şəhəri İcra Hakimiyyətinin başçısına verirəm.
X X X
X X X
ŞƏKI ŞƏHƏRİ İCRA HAKIMIYYƏTININ BAŞÇISI ƏŞRƏF MƏMMƏDOVUN ÇIXIŞI
-Möhtərəm cənab Prezidentim!
Dövlət işləri ilə həddindən artıq məşğul olduğunuz bir vaxtda imkan tapıb Şəkiyə gəldiyinizə görə, camaatımız adından Sizə bir daha təşəkkürümü bildirirəm.
Cənab Prezident, Sizin rəhbərliyiniz altında respublikamızda bütün sahələrdə ardıcıl surətdə aparılan islahatlar Şəkiyə də öz güclü təsirini göstərməkdədir. Şəkinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-psixoloji həyatında son illər əldə olunmuş uğurlu nəticələr və görüləcək işlər barədə danışmazdan öncə, icazənizlə, yaxın keçmişdə şəhərimizdə görülmüş işlər haqqında Sizə məlumat vermək istərdim.
1970-1982-ci illər Sizin rəhbərliyiniz altında respublikanın bütün rayonlarında olduğu kimi, Şəki üçün də həyatın inkişaf dinamikası baxımından xüsusi mərhələ kimi fərqlənir. Həmin dövrdə Şəkidə məhsul istehsalının həcmi 5 dəfə çoxalmışdı. 1982-ci ildə istifadə edilmiş kapital qoyuluşunun həcmi 1969-cu ilə nisbətən 5,4 dəfə artaraq, 3,2 milyon manat olmuşdu. Bu illərdə Şəki rayonunda bir sıra mühüm sənaye obyektləri - üzüm emalı zavodları, 6 sovxoz, yeyinti məhsulları kombinatı, tütün fermentləmə zavodu, çörək zavodu, pendir və konserv zavodları, xalça fabriki istifadəyə verilmişdi. Əvvəllər fəaliyyət göstərən sənaye müəssisələri modernləşdirilmiş və genişləndirilmişdi. 1970-1982-ci illərdə ümumi sahəsi 283 min kvadratmetr olan yaşayış evləri, 5520 şagird yeri olan ümumtəhsil məktəbləri, 740 yerlik məktəbəqədər uşaq müəssisələri istifadəyə verilmişdi. 8,6 min hektar torpaq sahəsini suvarmalı olan Əyriçay su anbarı kompleksi tikilmişdi. Şəki İpək kombinatında 750 dəzgahlıq toxucu sexi və boyaq-bəzək fabriki tikilərək istifadəyə verilmiş, orada yeni xarici avadanlıq quraşdırılmışdı. Bu məqsədlə 23 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdi. O illərdə müəssisədə 7200 nəfər işləyirdi.
Bu illərdə Şəkidə 70 kilometr asfalt örtüklü avtomobil yolu çəkilmiş, 29 yeni körpü tikilmiş, çox mühüm strateji, iqtisadi və siyasi əhəmiyyətə malik Yevlax-Balakən dəmir yolu xətti inşa olunmuşdu. Bununla da regionun, o cümlədən Şəkinin iqtisadiyyatının inkişafı üçün çox böyük zəmin yaranmışdır.
1970-1982-ci illərdə Şəki şəhəri və onun əksər kəndləri qazlaşdırılmış, qaz kəmərlərinin ümumi uzunluğu 628 kilometrə çatmışdı.
Mingəçevirdən Şəkiyə 33,8 kilometr uzunluğunda 110 kilovoltluq, 54 kilometr uzunluğunda 35 kilovoltluq, rayon daxilində 361 kilometr uzunluğunda 6-10 kilovoltluq elektrik xəttləri çəkilmişdi.
Sizin o zaman respublikamızda həyata keçirdiyiniz uğurlu və cəsarətli işlər, bugünkü müstəqilliyimizin, sözün əsl mənasında, əsaslarını yaratmışdır.
Cənab Prezident, təəssüflər olsun ki, Şəkidə də yaradılmış bu əsaslar 1986-cı ildən başlayaraq get-gedə dağıdılmağa başlamışdır. Lakin yenə Sizin sayənizdə Şəkidə həyat əvvəlki məcrasına qayıtmış və inkişaf mərhələsi başlanmışdır.
Məhz Sizin hazırlayıb cəmiyyətə təqdim etdiyiniz aqrar islahatlar proqramı əsasında Şəkidə 96 min nəfərə torpaq verilmişdir. O cümlədən müstəsna hal olaraq, respublikanın heç bir yerində görünməyən hal kimi, Sizin tapşırığınızla, Nazirlər Kabinetinin razılığı ilə Şəki şəhərində yaşayan insanlara torpaq payı verilmişdir ki, bu da 8500 güzəranının yaxşılaşması deməkdir.
Şəkidə 2002-ci ilədək 397 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, 27 səhmdar cəmiyyəti yaradılmışdır. Həmin müəssəsələrdə indi xeyli adam çalışır.
Sənaye məhsulu istehsalı 1997-ci ildə 4 milyard 19 milyon manat olduğu halda, keçən il 11 milyard 862 milyon manata çatmışdır. Bu il həmin rəqəmin 14 milyon manat həcmində olacağını gözləyirik. Bu, “Şəki-İpək” Səhmdar Cəmiyyətinin, yeyinti kombinatının və digər dayanmış müəssisələrin istehsalı qismən bərpa etməsi ilə bağlıdır. Eyni zamanda, mən xüsusi vurğulamaq istəyirəm ki, “Şəki-İpək” Səhmdar Cəmiyyətində istehsalın bərpası üçün məhz Sizin tapşırığınız əsasında 1,5 milyard manat əvəzsiz kredit, sonra isə 500 milyon manat maliyyə yardımı ayrılmışdır. Bu, insanlarımızda, həqiqətən, ruh yüksəkliyi yaratmışdır.
İlk dəfə biz 120 ton barama istehsal etmişik.
Cənab Prezident, vaxtilə Siz respublikaya rəhbərlik edərkən 5 min tondan çox barama isteshal olunurdu. O cümlədən Şəkidə 350 ton barama istehsal edilirdi. Təəssüflər olsun ki, sonralar bu iş başlı-başına buraxılmışdır.
HEYDƏR ƏLİYEV: Mən bir məsələni aydınlaşdırmaq istəyirəm. Sən dedin ki, 350 ton barama istehsal olunurdu. Doğru dedin ki, o illərdə, mən işlədiyim illərdə Azərbaycanda ildə 5 min ton barama istehsal edilirdi.
O illərdə barama istehsalı sürətlə artmışdı. Əvvəllər istehsal ildə cəmisi 2 ton idi. Barama çox işlənildiyinə görə, onun istehsalı artırılmış, 5 min tona çatmışdı. Barama elədir ki, onu istehsal etmək üçün çox şey lazım deyil. Yəni bunun üçün traktor, kotan lazım deyil. Baramanı hər bir kəndli öz həyətində, evində istehsal edir. Belədir, yoxsa yox? Özü də başqa işlə də məşğul olur. Elədirmi?
ƏŞRƏF MƏMMƏDOV: Bu proses 40 gün ərzində başa çatır.
HEYDƏR ƏLİYEV: Amma kəndli təkcə barama istehsalı ilə məşğul olmur. Başqa işlər də görür. Evində, yaşadığı yerdə, bir-iki kümxanası olur, bunun texnologiyasını mən də bilirəm. Tut yarpağını gətirir, barama qurdunu bəsləyir. Özü, ailəsi üçün bu, ikinci iş yeridir. Barama qurdunu bəsləyir, sonra məhsulunu gətirib təhvil verir və yüksək qiymətlə onun pulunu alır.
Məsələn, mənim xatirimdədir, o vaxt pambıqçılıq rayonlarında, xüsusən Bərdədə - Bərdə böyük pambıqçılıq rayonu idi, - təxminən 400 ton barama da istehsal olunurdu. Onlar həyətlərdəki tut ağaclarının yarpağından istifadə edirdilər. Amma sonralar pambıq tarlalarındakı su arxlarının kənarında tut ağacları əkməyə başladılar. Bu, tarlalarda həm kölgəlik yaradırdı, - mən yay vaxtlarında tarlaları gəzərkən, həmin ağacların altında çox oturmuşam, - həm də onun yarpaqlarını yığıb barama qurdu üçün yem kimi istifadə edirdilər. Ailənin dörd-beş nəfər üzvü tarlada işləyir, pambıq becərirdi, amma eyni zamanda, evində də barama qurdu bəsləyir, baramanı dövlətə satıb çoxlu pul alırdı.
Burada üzümçülük də vardı. “Yenidənqurma” vaxtı bunu dağıtdılar. Azərbaycan üzümündən şərab istehsal olunurdu. Ölkəmizdə bu qədər şərab içilmirdi. Ümumiyyətlə, bizim xalqımız şərab içən xalq deyildir. Amma Rusiyanın buna təlabatı çox idi. Biz nə üçün o illər üzüm istehsalını sürətlə artırırdıq? Hətta iş o yerə çatmışdı ki, bir-iki il Azərbaycanda 2 milyon ton üzüm istehsal edildi. Ona görə ki, Sovet İttifaqının rəhbərliyi bunda maraqlı idi. Rusiya əhalisini şərabla təmin etmək üçün Azərbaycanın üzümçülüyü inkişaf edirdi, şərab istehsal olunur, Rusiyanın müxtəlif regionlarına göndərilirdi. Orada şüşələrə doldurub satırdılar, camaat da alırdı.
Sovet İttifaqı şərabı qızıl pula, yəni dollara xaricdən alıb gətirmirdi. Ölkənin də çox yerində imkan yox idi ki, üzüm bağları yaradıb, şərab istehsal etsinlər. Buna görə də biz üzümçülüyü inkişaf etdirdik. Şəkidə də, çox yox, amma inkişaf etdirdik. O vaxt, “yenidənqurma” vaxtı bunu dağıtdılar. Azərbaycanı o vaxt, təxminən 1987-ci ildən sonra dağıtmaq istəyirdilər. Sonra da Sovet İttifaqı dağıldı, biz müstəqil olduq. Çox yaxşı ki, Sovet İttifaqı dağıldı, dağılmasaydı, biz müstəqillik əldə edə bilməzdik.
Demək, indi Rusiya bizdən bu məhsulu daha tələb etmir. Ona görə bunun istehsalına həvəs yoxdur. Üzüm bağları sıradan çıxdı, indi onların yerində başqa bitkilər əkilir. Bu, təbii haldır.
Amma baramanın yeri olmayıbdır. Baramanın yeri hər bir kəndlinin özünün şəxsi təsərrüfatıdır. Barama orada istehsal olunubdur. Baramaya da həmişə ehtiyac var. Məsələn, Şəkidə, kəndlərdə 300 ton barama istehsal ediblər. Niyə indi istehsal etmirlər? Mən bu sualı sənə verirəm, çünki respublika üzrə də bu sual məni maraqlandırır. Mən təkcə səndən Şəkini öyrənmək istəmirəm. Respublikada vaxtilə 5 min ton barama istehsal edilirdi, indi yoxdur. İndi nə qədər olduğunu da bilmirəm. Bəlkə Hümbətov bilir... Deyəsən, o da bilmir.
YUSİF HÜMBƏTOV: (Prezidentin İcra Aparatının şöbə müdiri): Möhtərəm Prezident, indi yalnız Şəkidə barama istehsal edirlər. Başqa rayonlara toxum təzə paylanıbdır, gələn ildən oralarda da barama istehsal olunacaqdır.
HEYDƏR ƏLİYEV: Bəs niyə bu ildən? Nə üçün baramaçılıq dağıldı? Bunu mənə deyə bilərsənmi?
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, birinci növbədə ona görə ki, əvvəllər ipək kombinatı işləyirdi, baramaya tələbat vardı. Baramanın pulunu verib alırdı. Sonralar tələbat olmadığından, barama camaatın evində qaldı. Baramanı ucuz almaq istədilər. 1 kiloqramı 2-3 min manata almaq istədilər, aldılar da. Ona görə də baramaçılığa maraq azaldı.
Baramanı istehsal edən adamlar onun 1 kiloqramını 10 min manata, ən azı, 8 min manata sata bilsələr, - mən damazlıq baramanı çıxıram, bunun 1 kiloqramının qiyməti 12-15 min manat arasındadır, - bu sahə inkişaf edər. Baramaçılığın məhv olması ipək kombinatı ilə bağlıdır. Bu kombinat təkcə Şəki rayonunda, şəhərdə 7500 nəfəri işlə təmin edirdi.
HEYDƏR ƏLİYEV: Azərbaycanda tədarük olunan barama buraya gətirilirdi.
ƏŞRƏF MƏMMƏDOV: Bəli, hələ əlavə də gəlirdi.
HEYDƏR ƏLİYEV: Onda, belə idi, barama istehsalı və emalı ilə məşğul olan üç yer vardı. Əsas bura idi, ikincisi, Dağlıq Qarabağda Xankəndi idi, bir də Ordubad.
ƏŞRƏF MƏMMƏDOV: Onlar da buraya göndərirdilər. Baramaçılığın tənəzzül etməsinin əsas səbəblərindən biri baramanın çox ucuz qiymətə alınması oldu.
İkincisi, o vaxt mərkəzləşdirilmiş planlaşdırma vardı. SSRİ-nin 169 regionu ilə əlaqə vardı. Barama emal edən müəssisələr üçün 70 regiondan təkcə ehtiyat hissələri alınırdı.
Üçüncü bir cəhət də ondan ibarət oldu ki, imkan tapıb vəziyyətdən çıxmaq əvəzinə, hamı gözləyirdi ki, bazar iqtisadiyyatı tətbiq ediləcək, nə isə bir şey olacaq. İnsanlarımız o biri sistemə öyrənmişdilər. O vaxt sahəyə lazımi səviyyədə rəhbərlik olmadı.
Mən burada icra hakimiyyətinin məktublarını qaldırmışam. Onlarda deyilir ki, ipək kombinatı elektrik enerjisinin pulunu ödəmədiyinə görə, ona verilən enerji kəsilsin. Bunu etmək olmazdı. Elektrik enerjisi kəsiləndə iş dayandırılırdı.
Cənab Prezident, Sizin köməkliyinizlə indi müəssisə fəaliyyətini bərpa edir. Amma bu əsas vermir, deyək ki, məsələni həll edəcəyik. Buraya yeni, müasir texnologiya gəlməlidir. Belə olsa, orada 7 min nəfərin işləməsinə ehtiyac da olmayacaqdır. Biz hesablamışıq, təxminən 1500-2000 işçi olsa, tam kifayət edər. İndi deyirlər ki, Şəkidə işsizlik var. Biz tam araşdırmışıq, bu qədər adam kifayət edər. Qalan bütün insanlar yerləşiblər, işləyirlər.
Cənab Prezident, ehtiyat üçün biz min hektardan çox torpaq saxlamışıq. Onu uzunmüddətli istifadə üçün şəhər camaatına vermişik. Olimpiya idman kompleksi tikildi. Torpağın 10 hektarını ona ayırdıq. Yenə başqa nə isə tikiləcəksə, torpaq ayıracağıq.
Yəni, Sizin Sərəncamınızla ayrılan 3 min hektardan savayı, min hektar da əhaliyə əlavə verildi. Biz şəhərlə bağlı bu istiqamətdə də tədbirlər görürük.
Möhtərəm Prezident, bu illər ərzində taxıl istehsalında böyük nailiyyət əldə etmişik. 1998-ci ildə cəmi 28 min ton taxıl istehsal olunmuşdu. Bu da təlabatımızdan iki dəfə azdır. Bu il 120 min tondan çox taxıl istehsal edilmişdir. Amma Şəkinin potensialı bununla bitmir. Şəkidə, heç bir əlavə tədbir görmədən ildə 150 min ton taxıl istehsal etmək olar. Amma bizim imkanımız var ki, 300 min ton taxıl istehsal edək. Harada? Birincisi, Sizin yaratdığınız Əyriçay su anbarının köməyi ilə 8 min hektardan çox sahə suvarılmalıdır. Amma təəssüflər olsun ki, kifayət qədər nasoslar yoxdur. Siz Moskvaya getdiniz, nasosların bir hissəsi quraşdırıldı, digər hissəsi yox. Üzüm bağları da həmin səbəbdən batdı. Ancaq Siz o qədər düşünülmüş, planlı iş görmüşdünüz ki, su dağın ətəyi ilə gəlməli, öz axını ilə paylanmalı idi. Sizin dövrünüzdə orada konserv zavodu da tikilmişdi. Oranın elə bir qazanxanası var ki, bu gün onu Şəkidə yox, Azərbaycanda da tikmək mümkün olmaz. Amma təəssüflənirik ki, biz ondan da səmərəli istifadə edə bilmirik. İndi mən Sizdən xahiş edəcəyəm ki, ona da həyat verək.
Cənab Prezident, rayonda hevandarlıq sürətlə inkişaf edir. Son dörd ildə davarın sayı 51 min baş artıb, təxminən 200 min başa çatmışdır. Sizin rəhbərlik etdiyiniz əvvəlki dövrdə mən Şəki rayonunun kənd təsərrüfatına başçılıq etmişəm. Rayonda 130 min başdan yuxarı davar olmayıbdır. Mən payız mövsümünü deyirəm. Yazda azalırdı, 70-80 faizə düşürdü. Bu gün 196 min baş qoyun-quzu, 61 min baş qaramal var. Bunun yeganə bir səbəbi aqrar islahatlarıdır.
Rayonumuzun kəndlərində 100 min əhali yaşayır. Bir məsələni həll etsək, onların problemi aradan qalxar. Cənab Prezident, bu problem tütünçülüklə bağlıdır. Tütünçülük Şəkidə 44 min insanın mənafeyini əhatə edir. Onun istehsalı vaxtilə, Sizin dövrünüzdə 17 min 500 tona çatmışdı. 1998-ci ildə 2,2 min ton tütün istehsal olunmuşdu. Biz tütünçülüyün inkişafına vüsət verdik. Tütünçülüyü inkişaf etdirmək üçün əlavə böyük tədbirlərə ehtiyac yoxdur. Biz şitilxanaları genişləndirdik, 12 min ton tütün istehsal etdik. Amma onu emal etmək üçün imkanlarımız zəifdir. Sizdən xahişimiz budur ki, Bakıdakı tütün kombinatı yerlərdə özünün kiçik filiallarını açsın.
HEYDƏR ƏLİYEV: Sizin tütün kombinatı ilə əlaqəniz var, yoxsa yox?
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, əlaqəmiz yoxdur. Mən bir dəfə oraya getdim, müəssisənin direktoru ilə görüşdüm. Onlar Şəkiyə gəldilər, baxdılar, sonra dedilər ki, sort məsələsində problem var. Amma biz bunu həll etməyə hazırıq. Bizə sortları desinlər, onları əkdirək.
Cənab Prezident, mən Sizi inandırıram ki, bununla kəndin bir problemini də həll edərik. Yəni orada problemlər qalmayıbdır. Kənd camaatı artıq, necə deyərlər, həyatını firavan qurubdur. Kəndlərimizdə 100 min nəfər əhali yaşayır. Əgər tütünçülüyə imkan olmasa, biz götür-qoy etmişik, Şəkidə şəkər çuğunduru istehsalını genişləndirməliyik, bu sahəni yaratmalıyıq. Bunun üçün bizə böyük vəsait lazım deyildir. Bayaq mən dedim, Sizin dövrünüzdə konserv zavodu tikilibdir.
Çox təəssüflər olsun ki, ondan biz istifadə edə bilmədik. Onun bazasında biz...
HEYDƏR ƏLİYEV: Siz şəkər cuğunduru əkirsinizmi?
ƏŞRƏF MƏMMƏDOV: Vaxtilə əkiblər.
HEYDƏR ƏLİYEV: Nə qədər?
ƏŞRƏF MƏMMƏDOV: 400-500 hektar əkiblər. Amma bizim 3 min hektarda şəkər cuğunduru əkməyə imkanımız var. Bu regionda isə 7 min hektar əkmək mümkündür.
HEYDƏR ƏLİYEV: Sən şəkər cuğundurunun şəkərliliyinin nə qədər olduğunu öyrənmisənmi, yoxsa bunu bilmirsən?
ƏŞRƏF MƏMMƏDOV: Deyirlər ki, Ukraynadakından yüksəkdir.
HEYDƏR ƏLİYEV: Əlbəttə, yüksək olmalıdır. Orada kimsə nə isə demək istəyir. O nə deyir?
YERDƏN SƏS: Burada cuğundurun şəkərliliyi 17-25 faizdir.
HEYDƏR ƏLİYEV: 17-25 faiz... Yaxşı faizdir. Təxminən aprel ayında onu çıxarırlar.
Bilirsən, məsələni sən düzgün qoyursan. Amma şəkər cuğunduru əkmək üçün gərək şəkər zavodun olsun.
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, bizim konserv zavodumuza qazanxana tikməyəcəyik.
HEYDƏR ƏLİYEV: Konserv zavodundu şəkər istehsal etmək olmaz, bunu sən bilirsən. Biz neçə ildir istəyirik ki, respublikamıza şəkər zavodu gətirək. Biz deyəndə, daha indi hökumət heç nə ala bilmir, başa düşürsünüzmü? Bunu xarici sərmayəçi etməlidir. Bizim Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi bununla məşğul olur. Yəqin iqtisadi inkişaf naziri öz çıxışında bu barədə deyəcəkdir. Mən indi vaxt almaq istəmirəm. Sən sonra cavab verərsən. Bir şəkər zavodunun qiyməti 50 milyon dollardır. Ancaq əgər sərmayəçi olsa, 50 milyon dolları gətirib o zavodu tiksə, tezliklə xərcini çıxardacaq və sonra qazanacaqdır. Amma belə sərmayəçi tapa bilmirik.
Məsələn, Naxçıvanda əvvəllər şəkər çuğunduru əkilməzdi. Amma son illər, hələ 1992-ci ildə mən orada işləyərkən əkilməyə başlandı. İranla, Türkiyə ilə sərhədlər açılandan sonra get-gəl başlandı. Türkiyədə Ərzurumda, Bursada şəkər zavodları var. Naxçıvanda bu il, 50 min, yaxud 60 min ton şəkər cuğunduru toplayacaqlar.
Təsəvvür edin, keçən il 45 min ton şəkər cuğunduru toplamışdılar, amma o cuğunduru Türkiyəyə aparırlar, zavoda verirlər, zavod onu emal edir, şəkərini naxçıvanlılara qaytarır. Qalan şey orada saxlanılır. Onlar da, Naxçıvanda şəkər cuğunduru əkənlər də çox məşğul olmalıdırlar. İndi Naxçıvan özünü şəkərlə məhz bu yolla təmin edir. Amma əgər şəkər zavodu, bütün kompleks olsa daha yaxşıdır. Çünki şəkər cuğundurunun emalından çoxlu məhsullar alınır. Şəkər alınandan sonra çuğundurun cecəsindən, bir tərəfdən spirt alınır, digər tərəfdən də həmin cecə çox qüvvəli yemdir.
Türkiyədəki zavodlar da şəkər çuğundurunu ona görə götürürlər ki, şəkər alınandan sonra qalan hissə onlar üçün faydalıdır. Şəkəri isə Naxçıvana verirlər.
Mənə dedilər ki, bu il onlarda yenə də çoxlu məhsul var. Orada iqlim çox yaxşı olduğuna görə, cuğundurun şəkərliliyi təxminən 22-23 faizə çatır. Bax, məsələ belədir. Ancaq konserv zavodunda şəkər istehsal etmək olmaz. Sən orada başqa məhsul istehsal etmək istəyirsənsə, bu, ayrı məsələdir.
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, əgər bu olmasa, biz konserv zavodundan başqa məqsədlər üçün istifadə edərik. Şəkidə 44 min hektar meşə var. Bu meşələr yabanı meyvələrlə zəngindir.
HEYDƏR ƏLİYEV: Doğrudur.
ƏŞRƏF MƏMMƏDOV: Bizim imkanımız var ki, o meyvələri emal edək, əhalimizin xeyli hissəsinin məşğulluğuna şərait yaradaq.
HEYDƏR ƏLİYEV: Bu, yaxşıdır. İndi sənin fikrin nədir, o konserv zavodunu biz işə salaq?
ƏŞRƏF MƏMMƏDOV: Bəli.
HEYDƏR ƏLİYEV: Axı sənin özün dedin ki, indi bazar iqtisadiyyatıdır, elədirmi? İndi hökumət belə şeylərlə məşğul olmur. Amma Şəkidə bir nəfər tapılmadı ki, gedib o konserv zavodunu alsın. Alan olsa, həmin zavodu ona münasib qiymətə satmaq olar. Zavodu dövlətdən alsın, oranı bərpa etsin, nə istəyir istehsal etsin. O cümlədən meşədən meyvələri yığsın, emal etsin. Həm insanlar işləsin, həm özü oradan qazanc götürsün, həm də Şəkinin iqtisadiyyatını inkişaf etdirsin. Şəkidə belə adamlar yoxdurmu? Şəkililər nə günə qalıblar ki, bir konserv zavodunu ala bilmirlər? Yaxşı biri ala bilmirsə, ikisi, üçü bir yerə yığışıb alsınlar. Bu da ola bilər. Şəkidə belələri var. Birincisi, pulu olan hələ gizlədir, necə deyərlər, ya döşəyin içinə yığır, ya da başqa yerə. İkincisi də, görünür ki, biz adamlarda bu sahibkarlıq keyfiyyətini təkcə Şəkidə deyil, çox yerdə hələ yarada bilməmişik.
Mən iqtisadi inkişaf nazirinə tapşırmışam, sahibkarlığın inkişafı üçün biz nə kimi tədbirlər görmüşük, bunu bilirsiniz. Mənim Fərmanlarımın hamısını yəqin oxumusunuz, sahibkarlarla keçirdiyim görüşlərdən də xəbəriniz var. Biz sahibkarlığı canlandırmaq, onlara kömək etmək istəyirik. Hətta onlara kredit vermək də qərara alınıb və vəsait də ayrılıbdır. Amma onlar işləsinlər, sahibkar olsunlar, mülkiyyət sahibi olsunlar, pul qazansınlar, zəngin adam olsunlar. Eyni zamanda insanlara iş versinlər və hərə öz bölgəsinin, ümumən respublikasının iqtisadiyyatını inkişaf etdirsin. Ona görə sən əgər yenə də sadalayacaqsansa ki, hansı müəssisəni biz yenidən tikək, bərpa edək - bunlar mümkün deyildir. Bunu nəzərə al.
İndi sən sadaladın ki, o illər nələr olubdur. O illərdə Azərbaycana rəhbərlik edən kim idi?
ƏŞRƏF MƏMMƏDOV: Cənab Heydər Əliyev idi.
HEYDƏR ƏLİYEV: Elədirmi? Demək, həmin Heydər Əliyev bu gün də buradadır. O vaxtdan 15-20 il keçib və Heydər Əliyev ondan da çox təcrübə toplayıbdır. O vaxt edirdik, bəs indi niyə edə bilmirik? Çünki o vaxt sosialist sisteminin bütün imkanlarından, lap belə sıxırdıq, istifadə edirdik. Amma indi o sistem yoxdur. İndi bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı şəraitində mən heç bir sahibkarı nə sıxa bilərəm, nə məcbur edə bilərəm, nə də bir şey edə bilərəm. O, müstəqil adamdır.
Bazar iqtisadiyyatı tam iqtisadi müstəqillik əsasında qurulur. Ona görə də mövzunu dəyişirəm, xahiş edirəm bu yolla get, vaxtımız çox getməsin.
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, Şəkidə tikinti böyük vüsət almışdır. Dörd il bundan qabaq Şəkidə cəmi 780 milyon manatlıq tikinti işləri görülmüşdür. Bu il isə həmin göstərici 21 milyard manatdır.
HEYDƏR ƏLİYEV: Şəxsi tikinti?
ƏŞRƏF MƏMMƏDOV: Bütün bölmələrdən olan tikinti işlərinin həcmi 21 milyard manat təşkil etmişdir. Bu, yaxın gələcəkdə hər il daha da artacaqdır. Son dörd ildə Şəkidə hər il bir məktəb tikilibdir. Özü də daxili imkanlar hesabına tikilibdir. Bələdiyyələrin 10-15-nin imkanlarını birləşdirmişik, vəsait toplamışıq və bunu etmişik.
HEYDƏR ƏLİYEV: Çox yaxşı.
ƏŞRƏF MƏMMƏDOV: Bu yaxınlarda Sarıca kəndində məktəb istifadəyə verəcəyik.
Cənab Prezident, ən başlıca problemlərdən biri su problemidir. Mən bütün camaatımız adından Sizə minnətdarlığımızı bildirirəm. Almaniya Federativ Respublikası ilə Sizin apardığınız danışıqlar nəticəsində, nəhayət ki, Şəkidə bu problemin həllinə təkan verilibdir. Bu işə 10 milyon alman markası ayrılması nəzərdə tutulubdur. Bütün ilkin işlər görülübdür. Gələn ilin əvvəllərində tikinti işlərinə başlanacaqdır ki, bu da Şəkinin camaatını 50 ildir narahat edən bir problemdən xilas edəcəkdir.
HEYDƏR ƏLİYEV: Bax, bu, bizim işimizdir. Su çəkmək gələcəkdə, bəlkə də, sahibkarlara nəsib olacaqdır. Amma hələ ki, mümkün deyildir. Bu, bizim işimizdir. Kömək edirik, kredit almısınız, elədirmi?
ABİD ŞƏRİFOV: Bəli, elədir.
HEYDƏR ƏLİYEV: Şəki iki il ərzində su ilə tamamilə təmin olunacaqdır.
ABİD ŞƏRİFOV: Cənab Prezident, bunun nəticəsində Şəki indikindən iki dəfə çox su alacaq, suyun tərkibi beynəlxalq standartlara uyğun olacaqdır.
HEYDƏR ƏLİYEV: Demək, əhali iki dəfədən artıq su alacaqdır. Şəki su ilə təmin olunacaqdır.
ABİD ŞƏRİFOV: Bəli.
ƏŞRƏF MƏMMƏDOV: Özü də təmiz su ilə.
HEYDƏR ƏLİYEV: Beynəlxalq standartlara uyğun su, elə təmiz su deməkdir. Bu, bizim işimizdir, bunu da edirik. Amma konserv zavodu bizim işimiz deyil.
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, orada bir məsələ var, onu həll etsək, burada sahibkar tapılar.
HEYDƏR ƏLİYEV: Yaxşı, sahibkar tap. İqtisadi inkişaf naziri ilə danış, məsələni həll etsin, burada problem yoxdur.
ƏŞRƏF MƏMMƏDOV: Baş üstə. Möhtərəm Prezident, Şəkidə bu yaxınlarda ümumdünya...
HEYDƏR ƏLİYEV: Sən tikintidən danışdın, Şəkidə şəxsi evlər tikilirmi?
ƏŞRƏF MƏMMƏDOV: Keçən il 260 şəxsi ev tikilibdir.
HEYDƏR ƏLİYEV: Bütün rayonda?
ƏŞRƏF MƏMMƏDOV: Bəli.
HEYDƏR ƏLİYEV: Bu, azdır. Elə yerlər var ki, nə qədər evlər tikilir.
FƏRHAD ƏLİYEV: Cənab Prezident, çox tikilir. Bu ili götürsək Azərbaycan üzrə inşaat sektorunda işin həcmi 2,5 dəfə artıbdır.
HEYDƏR ƏLİYEV: Bizim rayonlarda, kənd yerlərində çoxlu evlər tikilir. Azərbaycanın kənd yerlərində tikinti işləri 1970-ci illərdə başladı. Biz kənd təssərüfatını, onun iqtisadiyyatını inkişaf etdirdik. Bunun nəticəsi nə oldu? İnsanların yaşayışı yaxşılaşdı. Kəndlərdə yeni evlər tikildi və insanlar avtomobillər aldılar. Bu iki şey gözə çox çarpır. İndi isə torpağı ki, paylamışıq, insanlar torpaqdan çox böyük gəlir götürürlər. Sən deyirsən ki, davarın sayı 200 min başa çatıbdır. Əvvəllər heç 100 min baş da olmayıbdır. Yaxud da ki, sizdə 70 min başa yaxın qaramal var. Kənd yerində 70 min əhali yaşayır, yoxsa nə qədər?
ƏŞRƏF MƏMMƏDOV: 100 min əhali yaşayır.
HEYDƏR ƏLİYEV: 100 min nəfər yaşayırsa, onda 70 min baş qaramal yetərlidir. Amma bundan da çox ola bilər. Çünki yadımdadır, vaxtilə burada heyvandarlıq kompleksləri yaratmışdıq, sən gəlmişdin, burada seminar keçirirdik, orada heyvandarlıqdan söhbət gedirdi. Bunlar var. Taxıl məhsulu götürürsünüz. Kəndlinin pulu var. Ev tikin. Bəlkə də, çoxlarının evi var. Buna ehtiyac yoxdursa, bu, başqa məsələdir. Amma haradakı ehtiyac var, oralarda kəndli ev tikməlidir və qoy tiksin. Mən demirəm ki, bunu planlaşdırasınız, yaxud da kimisə bu işə məcbur edəsiniz. Bu, hər kəsin öz işidir. Qazandığını haraya xərcləyirsə, bu, onun öz işidir. Ev tikir, yaxud avtomobil alır və ya heç bir şey etmir, başqa yerə sərf edir - öz işidir. Amma biz sosial məsələləri həll etmək üçün çox arzu edirik ki, kəndlilər əldə etdikləri qazancdan birinci növbədə özlərinin ev şəraitini yaxşılaşdırsınlar. Çünki kənddə ev şəraiti indi get-gedə ğərək Avropa standartlarına yaxınlaşsın. İndi ola bilməz ki, kəndli 7 nəfərlə iki balaca otaqda yerləşsin, yaşasın. Belə olmaz. Kəndlinin gərək 4-5 otaqdan ibarət evi, ətrafında həyəti olsun, yaxşı yaşaya bilsin.
İndi televizor hər yerdə var, başqa cihazlar var, amma ev şəraiti də gərək yaxşı olsun. Mən buna görə deyirəm. Ancaq bu planlaşdırdma səndən, məndən asılı deyil, insanların özlərindən asılıdır.
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, məlumat üçün bildirim ki, 1970-80-ci illərdə Şəki rayonunda 28 min 600 adam ev şəraitini yaxşılaşdırmışdır.
HEYDƏR ƏLİYEV: Bu, başqa məsələ. Görürsənmi!
ƏŞRƏF MƏMMƏDOV: Açıq desək, bizim kəndlərdə evlər pis deyil, amma daha yaxşı evlərə həqiqətən ehtiyac var.
Cənab Prezident, icazənizlə, bir məsələyə də toxunmaq istəyirəm. Şəkidə turizmi inkişaf etdirmək üçün gözəl təbii şərait var. Amma Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin böyük təşkilatçılığı ilə çox qısa müddətdə tikilmiş Olimpiya idman kompleksi bizə imkan verir ki, turizmi həqiqi mənada inkişaf etdirməyə başlayaq.
HEYDƏR ƏLİYEV: Doğrudur.
ƏŞRƏF MƏMMƏDOV: Bu yaxınlarda Dünya Turizm Təşkilatının baş katibi buraya gəlmişdi. O, bu yerləri gəzdi, dedi ki, heç Fransada da, - o, fransalı idi, mən heç bilmirdim, - belə kompleks yoxdur, bu, turizm üçün gözəl imkandır. Ona görə də sizdən xahiş edirəm ki, bizə...
HEYDƏR ƏLİYEV: Gənclər, idman və turizm naziri buradadır.
VAQİF ƏLİYEV (gənclər, idman və turizm nazirinin birinci müavini): Cənab Prezident, Əbülfəz müəllim Bakıya qayıtdı, o, sabah Londona uçacaq.
HEYDƏR ƏLİYEV: Nazirin birinci müavini buradadır.
ƏŞRƏF MƏMMƏDOV: Bunun həlli üçün bizim nə problemimiz var? Kommunikasiya məsələləri yüksək səviyyədə və intensiv həll edilməyən yerlərə turist getmir, çünki öz vaxtını hesablayır.
Mən yenə də Azərbaycan Prezidentinə təşəkkürümü bildirirəm ki, dəmir yolu vağzalını da yenidən qurmuşuq. Sizin göstərişinizlə təyyarə limanını da yenidən qurmuşuq, çox gözəl səviyyəyə çatdırmışıq. Amma Şəkiyə təyyarə işləmir. Bakı-Şəki-Naxçıvan, Naxçıvan-Şəki-Bakı reyslərini açsaq, turistlərin buraya gəlməsinə böyük imkanlar yaradar. Biz sərhədlərə yaxınlaşarıq.
HEYDƏR ƏLİYEV: Burada nə maneçilik var?
ƏŞRƏF MƏMMƏDOV: Nə maneçilik olduğunu bilmirəm, amma Sizin göstərişinizə ehtiyacımız var.
FƏRHAD ƏLİYEV: Bu, rentabelli deyil. Biz məcburiyyət qarşısında Naxçıvana dotasiya veririk, çünki başqa yol yoxdur. Amma Şəkidən Bakıya, Şəkidən Naxçıvana olan reyslərə dotasiya ayıra bilmərik, ona görə də bu reyslər təşkil olunmur.
HEYDƏR ƏLİYEV: Demək rentabelli deyil.
FƏRHAD ƏLİYEV: Bəli, rentabelli deyil. Çünki qiymət yüksək olduğuna görə, heç kim ondan istifadə etməyəcək, digər nəqliyyat vasitəsilə gələcəklər. Digər tərəfdən isə, təyyarələrin uçuş məsafəsi nə qədər uzun olsa, ömrü o qədər uzun olar. Əgər uçuş müddəti 15 ildirsə, məsafə qısa olanda 5-6 il olur. Ona görə təyyarələrdən belə marşrutda istifadə etmək məqsədəuyğun deyildir.
ƏŞRƏF MƏMMƏDOV: Bizim bildiyimizə görə, Bakı-Şəki-Naxçıvan reysi rentabelli olacaqdır. Bu reys açılsa, biz təkcə sərhədə yaxınlaşmırıq. Biz xahiş edərdik ki, Siz imkan daxilində bu məsələ ilə əlaqədar göstəriş verəsiniz.
Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. Şəkidə aşkarlıq, demokratiya, sözün əsl mənasında inkişaf edibdir. Mən bunun Sizin ölkəmizə müdrik, demokratik rəhbərliyiniz sayəsində mümkün olduğunu bildirirəm. Şəkidə televiziyanın 6 kanalına baxırlar.
HEYDƏR ƏLİYEV: 6 kanal? Hansı kanallardır?
ƏŞRƏF MƏMMƏDOV: Azərbaycan televiziyasının birinci kanalına, RTR, TRT, “Space”, “Lider”, “ANS” kanallarına baxırlar. Vaxtilə bu kanalların biri göstərirdi. Məhz Sizin göstərişiniz sayəsində Təpəcənnətdə o qurğu tikiləndən sonra biz bu kanalların verilişlərinə baxa bilirik. Şəkidə 14 siyasi partiyanın ilk təşkilatı var. 37 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Əmin ola bilərsiniz ki, bu istiqamətdə də Sizin göstərişləriniz tamamilə yerinə yetiriləcəkdir.
Cənab Prezident, deyilənlərlə yanaşı, heç şübhəsiz, işimizdə nöqsanlar da vardır. Bəzən ciddi qüsurlara da yol veririk. Amma Siz bir şeyə əmin ola bilərsiniz: bu səhlənkarlıqdan, qəsdən baş vermir, məsələləri həll edərkən nöqsanlarımız olur. Əmin ola bilərsniz ki, Sizin iradlarınızı biz çox qısa müddətdə yerinə yetirəcəyik. Onu da bildirmək istəyirəm ki, camaatımız həmişə dövlətə, dövlətçiliyə sadiq olubdur. Heç bir vaxt Şəkidə dövlətçilik əleyhinə heç nə olmayıbdır. Mən bütün hadisələri sadalaya bilərəm. Kiminsə əleyhinə olub, amma dövlətçiliyimizin əleyhinə, Azərbaycan Prezidentinin əleyhinə Şəkidə heç vaxt heç bir şey olmayıbdır.
Hesab edirəm ki, Siz bu gün onun əyani təzahürünü gördünüz. İnsanların Sizə böyük məhəbbəti, sevgisi, rəğbəti var. Çoxdandır camaatımız Sizi gözləyirdi. Düzdür, bəzi qəzetlər yazırdı, istəyirdilər ki, nə isə bir gecikmə olsun.
HEYDƏR ƏLİYEV: Nə olsun?
ƏŞRƏF MƏMMƏDOV: Bu səfərdə gecikmə olsun. Amma şükür, Siz gəldiniz.
HEYDƏR ƏLİYEV: Ola bilərdi.
ƏŞRƏF MƏMMƏDOV: Ona görə də, icazə versəniz deyərdim: tarixin və zamanın bütün sınaqlarından qalib çıxmış möhtərəm Prezidentimizə Şəki camaatı yenidən səs verəcəkdir.
X X X
Sonra iqtisadi inkişaf naziri Fərhad Əliyevə söz verildi.
İQTİSADİ İNKİŞAF NAZİRİ FƏRHAD ƏLİYEVİN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları !
Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri regionların inkişafının sürətləndirilməsindən, burada infrastruktur təminatının yaxşılaşdırılmasından, müəssisələrin fəaliyyətinin bərpa edilməsindən, yeni iş yerlərinin açılmasından, əhalinin maddi rifahının yaxşılaşdırılmasından ibarətdir.
Bununla bərabər, cənab Prezident Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın, həmçinin aqrar bölmənin inkişafına dair dövlət proqramlarını təsdiq etmişdir. Bu sənədlər regionların inkişafı üçün böyük əhəmiyyətə malikdir. Proqramlarda regionlara investisiyaların artırılması, fermer təsərrüfatlarına kömək sisteminin qurulması, regionlar üzrə sahibkarlığın inkişaf etdirilməsi, aqroservis müəssisələrinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı işlər öz əksini tapmışdır. Artıq bu ilin noyabr ayının 1-dən etibarən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsaitlərdən müvəkkil banklar vasitəsilə ən güzəştli şərtlərlə sahibkarlara bir neçə gün ərzində 4,5 milyard manat kredit verilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin müvafiq Fərmanınıza uyğun olaraq, növbəti 3 il üçün sahibkarlığın inkişafına 250 milyard manat vəsait ayrılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə qat-qat çoxdur. Bu il üçün həmin vəsaitin miqdarı 13 milyard manat, amma növbəti 3 il üçün 250 milyard manatdır.
Cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərdiyi 2003-cü ilin büdcə paketinə regionlara güzəştli vergilərin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə ediləcək əlavələr də daxildir. Beləliklə, nikbinliklə demək olar ki, 2003-cü il regional siyasətdə əhəmiyyətli dəyişikliklər ili olacaqdır.
Hörmətli müşavirə iştirakçıları!
Qeyd olunan tədbirlər digər bölgələr kimi, Şəki şəhərinin də sosial-iqtisadi inkişafına müsbət təsir edəcəkdir.
Şəhərin iqtisadiyyatının inkişafında, əhalinin ehtiyaclarının ödənilməsində infrastrukturla təminatını yaxşılaşdırmağın böyük əhəmiyyəti vardır.
Son illər energetika sahəsinin restrukturizasiyası ilə bağlı əhəmiyyətli tədbirlər görülmüş, elektrik paylayıcı şəbəkələr, o cümlədən Şəki Elektrik Şəbəkəsinin daxil olduğu “Gəncəelektrikşəbəkə” Səhmdar Cəmiyyəti uzunmüddətli idarəetməyə verilmişdir.
Cari ilin payız-qış mövsümünə hazırlıq mərhələsində görülmüş işlər nəticəsində əhalinin elektrik enerjisi ilə təminatı nisbətən yaxşılaşmış, açılmaların sayı azalmışdır.
Energetika sahəsində olduğu kimi, qaz və su ilə təchizat sahələrində də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda qaz təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın bir çox bölgələrində olduğu kimi, 2001-ci ilin fevral ayında Şəki şəhərinə də qazın verilməsi bərpa edilmişdir.
Şəkinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı əsasında Şəki şəhəri əhalisinin tələb olunan miqdarda içməli su ilə təchiz olunmasını təmin etmək, verilən suyun keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığı haqqında imzalanmış sazişə uyğun olaraq, 10 milyon avro, yaxud təxminən 4,5 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bu layihənin icrası ilə əlaqədar hazırlıq işləri başa çatmışdır və yaxın zamanda, yəni gələn ilin əvvəlində layihənin icrasına başlanacaqdır. Layihənin həyata keçirilməsinin başa çatma müddəti iki ildir.
Şəhərin sel sularından qorunması məqsədi ilə Avropa Birliyinin qrantı hesabına beton bəndlərin tikintisi ilə bağlı layihənin həyata keçirilməsi artıq başa çatmışdır. Asiya İnkişaf Bankının vəsaitləri hesabına sahil bərkitmə işlərinin aparılması üçün danışıqlar davam etdirilir.
Hörmətli toplantı iştirakçıları!
Şəki şəhəri iqtisadiyyatının inkişaf etdirilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmədir.
Şəhərdə dövlət əmlakının özəlləşdirilməsi başladığı dövrdən bu günə kimi dövlət müəssisələrinin bazasında 29 səhmdar cəmiyyəti yaradılmış, 400-dək kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilmişdir.
Hazırda nəqliyyat, ticarət, inşaat, xidmət sahələrində özəlləşdirilmiş müəssisələrin bir çoxu uğurla fəaliyyət göstərir.
Hörmətli toplantı iştirakçıları!
Məlum olduğu kimi, Şəkinin iqtisadiyyatının əsasını ənənəvi olaraq ipəkçilik təşkil edir. Yeni iqtisadi münasibətlərə keçid və digər səbəblərdən,- artıq burada hörmətli icra başçısı da qeyd etdi,- Şəki İpək Kombinatının fəaliyyəti 1990-cı ildən dayanmış və iş ahəngi pozulmuşdur. Yalnız 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şəki-İrək” Səhmdar Cəmiyyətinin fəaliyyətinin sağlamlaşdırılması, istehsalın bərpa edilməsi məqsədi ilə müəssisəyə əvəzsiz olaraq 1,5 milyard manat, sonra isə 500 milyon manat həcmində maliyyə yardımı göstərildikdən sonra müəssisədə barama istehsalının və emalının bərpasına nail olunmuş, hazırda həmin müəssisədə təxminən 700 nəfər işlə təmin edilmişdir. İndi Beynəlxalq Bankın kreditləri hesabına müəssisənin fəaliyyətinin genişləndirilməsi istiqamətində müvafiq danışıqlar aparılır və yəqin ki, yaxın zamanda həmin danışıqlar öz nəticəsini verəcəkdir.
Göründüyü kimi, “Şəki-İpək” SC-nin qismən fəaliyyət göstərməsi Şəki şəhərinin işsizlik probleminin həllinə nisbətən kömək etmişdir. Müəssisənin fəaliyyətinin bərpası yaxın gələcəkdə, bizim fikrimizcə, müəssisə ilə birbaşa əlaqəsi olan tikiş istehsalı sahəsinin də inkişafına şərait yaradacaqdır.
Lakin bununla belə qeyd etmək lazımdır ki, bir çox özəlləşdirilmiş müəssisələr texnoloji avadanlığın fiziki və mənəvi cəhətdən köhnəlməsi və müasir tələblərə cavab verməməsi, istehsal olunan malların keyfiyyətinin aşağı olması və maliyyə vəsaitinin çatışmazlığı, eyni zamanda, müəssisədə çalışan həmin rəhbər işçilərin yeni iqtisadi münasibətlərə əməl etməməsi və digər səbəblərdən həmin bir çox müəssisələr öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalır, fəaliyyət göstərmirlər.
Qeyd olunan problemlərin həlli məqsədi ilə bu müəssisələrin bəzilərinin fəaliyyətinin bərpası ilə bağlı bizim mütəxəssislər dəfələrlə Şəkidə olublar, təhlil işləri aparıblar. Son zamanlar Şəkidə kiçik orta sahibkarlığın, fermer təsərrüfatlarının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində kiçik müəssisələrin sayı artıb, onların fəaliyyəti genişlənibdir. Amma bununla yanaşı, qeyd etdiyim problemlər mövcuddur. Bu işdə müxtəlif təşkilatların köməyi ilə Şəkidə biznes sahəsində seminarlar təşkil olunub, kredit almaq üçün kurslar və yerli sahibkarların bir sıra ölkələrdə təcrübə keçməsinə kömək göstərilibdir.
Azərbaycan Respublikası Prezidentinin sahibkarlarla keçirdiyi görüşlərin nəticəsi olaraq, imzalanmış fərmanlara uyğun qaydada Şəkidə kənd təsərrüfatı, inşaat, xidmət, yeyinti məhsullarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə təxmini dəyəri 2,5 milyard manat olan biznes-planlar hazırlanıb, müvafiq 6 banka təqdim edilibdir. Bu ilin sonuna kimi həmin vəsaitlərin ayrılması məsələsi həll ediləcəkdir.
Lakin yuxarıda qeyd olunanlar Şəkinin bütün problemlərini həll etmir, hələ Şəki şəhərinin ənənəvi istehsal sahələri olan ipəkçilik, tütünçülük, heyvandarlıq, sənətkarlıq və turizm sahəsində çox işlər görülməlidir.
Cənab Prezident, icazə versəydiniz bir az əvvəl, şəkər cuğunduru ilə əlaqədar Sizin tapşırığınızla bağlı məruzə edərdim.
HEYDƏR ƏLİYEV: Buyur.
FƏRHAD ƏLİYEV: Biz şəkər istehsalı ilə məşğul olan zavodun inşası ilə əlaqədar müxtəlif şəxslərlə danışıqlar aparırıq. İlk şirkətlə apardığımız danışığa görə ildə 50 min ton şəkər istehsal edən müəssisəyə təxminən 50 milyon dollar vəsait lazımdır.
HEYDƏR ƏLİYEV: Bunun üçün nə qədər şəkər cuğunduru lazımdır?
FƏRHAD ƏLİYEV: İstehsal ediləcək şəkərin miqdarını, təxminən 6-ya vurmaq lazımdır. Yəni, 300 min ton şəkər cuğunduru lazım olacaqdır.
HEYDƏR ƏLİYEV: 300 min şəkər cuğunduru lazımdır, indi yerli ehtiyatlarla bunu təmin etmək mümkündürmü?
FƏRHAD ƏLİYEV: Mümkündür, ancaq həmin inşaat işinin görülməsi üçün, birincisi, 50 milyon dollar vəsait lazımdır. İkincisi, inşaat işləri aparılacaq həmin yerdə gərək hökmən bol su olsun, dəmir yolu, avtomobil yolu olsun və sair. Texnoloji cəhətdən belə olmalıdır.
Konserv zavodu ilə əlaqədar deyə bilərəm ki, Şəkidə meyvə çoxdur. Burada konserv zavodunun bərpası da mümkündür. Cənab Prezident, Sizin tapşırığınızla icra hakimiyyəti başçısı ilə biz təxminən 2-3 dəfə görüşmüşük. O, çox maraqlıdı ki, rayonda iş yerləri açılsın. Bu təqdirəlayiqdir. Yəni, başqa rayonların icra hakimiyyəti başçılarında bunu görmək olmur.
Ədalət naminə demək lazımdır ki, Şəki şəhər icra hakimiyyəti başçısı buna çox maraq göstərir. 2-3 dəfə geniş məktub göndərib ki, biz kömək edək. Danışığımız olub ki, bu məsələ ilə əlaqədar bilavasitə sahibkarların özləri biznes-planla müraciət etməlidir. Eyni zamanda, banka müraciət etməlidirlər. Biz də əlimizdən gələn köməyi edək ki, iş yerləri açılsın. Nəinki konserv zavodu, eyni zamanda, Şəkidə ənənəvi sənətkarlıq sahələrini az kredit verməklə inkişaf etdirmək olar. Turizmi də inkişaf etdirmək üçün imkanlar var.
Cənab Prezident, burada bir karvansara var hazırda işləyir. Məruzə edim ki, həmin karvansaranın yanında onun daha böyük hissəsi var. İndi işləmir və çox bərbad vəziyyətdədir. Onu turizm obyekti kimi canlandırmaq olar. Bununla əlaqədar xarici şirkətlərlə danışıqlar aparırıq.
Sözsüz ki, əlimizdən gələni edirik ki, başqa regionlarda olduğu kimi Şəkidəki müəssisələr də işləsin. Amma ola bilsin ki, biz də lazımi səviyyədə çalışmırıq.
HEYDƏR ƏLİYEV: Bunlara konserv zavodunu işlətməyə kömək edə biləcəksiniz, yoxsa yox?
FƏRHAD ƏLİYEV: Cənab Prezident, Sizə məruzə edim ki, öncə o konserv zavodunun vəziyyəti müəyyənləşməlidir. İcazə verin, yaxın bir neçə gün ərzində mən Sizə düzgün məruzə edərəm.
HEYDƏR ƏLİYEV: Yaxşı.
FƏRHAD ƏLİYEV: Cənab Prezident, icra başçısı burada çox haqlı olaraq dedi ki, Şəkidə 128 min ton taxıl istehsal olunubdur. Bu, təqdirəlayiqdir. Amma biz başqa regionlarda da, eyni zamanda, Şəkidə də çalışmalıyıq ki, daha çox gəlir verən kənd təsərrüfatı bitkilərinə üstünlük verək, son məhsulun alınmasına nail olaq. Öz ehtiyaclarımızı ödəyək, eyni zamanda ixrac edək.
Biz bununla əlaqədar xüsusi sənədlər hazırlayırıq. Cənab Prezident, Sizə məruzə edim ki, gələn ilin əvvəlindən başlayaraq bütün regionlarda təşkilati tədbirlər keçirmək, izahat işləri aparmaq istəyirik. Nəticə ehtibarilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sizin tapşırıqlarınızın icrasına nail olmaq istəyirik.
Cənab Prezident, icazə verin, yekunda Sizi əmin edim ki, verdiyiniz bütün tapşırıqlara uyğun olaraq, bütün regionların inkişaf etdirilməsi üçün sahibkarlıqla, həm də aqrar bölmənin inkişaf etdirilməsi ilə əlaqədar verdiyiniz Fərmanların yerinə yetirilməsi ilə bağlı əlimizdən gələni səfərbər edərək, Sizin tapşırıqların icrasına nail olacağıq.
HEYDƏR ƏLİYEV: Dünən mən yol ilə gələndə hansısa kənddə dedilər ki, taxıl istehsal etmişik, sata bilmirik.
DİLARƏ SEYİDZADƏ /Prezidentin katibliyinin rəisi/: Cənab Prezident, İsmayıllıda dedilər.
HEYDƏR ƏLİYEV: İcra hakimiyyəti başçısı dedi?
DİLARƏ SEYİDZADƏ: Bəli, cənab Prezident.
HEYDƏR ƏLİYEV: Dedi ki, çox taxıl istehsal etmişik, ancaq sata bilmirik. Yəqin ki, Şəkidə istehsal olunan taxıl rayonun tələbatını ödəyir. Amma İsmayıllıda mənə belə bir söz dedilər. Mən indi bilirəm ki, Azərbaycana Qazaxıstandan, Rusiyadan və başqa ölkələrdən çoxlu taxıl gətirirlər. Necə olur ki, bizim öz kəndlımiz taxıl istehsal edibdir, onu sata bilmir, amma Qazaxıstandan taxıl gətirirlər. Həmin biznesmen ki, taxılın alqı-satqısı işi ilə məşğul olur, o, gəlib bunu İsmayıllıdan ala bilməzmi?
FƏRHAD ƏLİYEV: Cənab Prezident, icazə versəniz, izahat verim. Siz tapşırmısınız ki, çörəyin qiyməti bahalaşmasın. Respublikamıza idxal olunan taxıla rüsum, vergi yoxdur. Ona görə də başqa ölkədən gətirilən taxılla bizim taxılın qiyməti təxminən eyni olur. Amma Qazaxıstandan və ya Rusiyadan gətirilən taxılın qiyməti eynidir, amma keyfiyyəti yaxşıdır. Ondan daha keyfiyyətli un çıxır. Buna görə ona daha çox üstünlük verirlər. Bəzən də onu yerli taxıla qatırlar.
HEYDƏR ƏLİYEV: Demək olmaz ki, başqa ölkədən gətirilən taxılın keyfiyyəti bizimkindən yaxşı olur. Belədir ki, taxılın müxiəlif növləri var, birinin keyfiyyəti bir az yaxşıdır, birininki o birisindən aşağıdır. Ümumiyyətlə, yaxşı çörək bişirmək üçün gərək bir neçəsini qarışdırasan. Mən indi burda bir şey müəyyən etmək istəmirəm, sadəcə, mən sənə deyirəm ki, belə bir müraciət olubdur. Amma sən buna elə belə dərhal cavab vermə ki, burada qiymət bərabərdir, onun keyfiyyəti buradakından yaxşıdır. Mənə elə gəlir ki, səbəb bu deyil. Sən bu məsələyə bir bax. İndi bizdə taxıl istehsalı artıbdır. Çoxları taxılı tək özünü təmin etmək üçün yox, həm də satmaq üçün istehsal edir. İndi burada - Şəkidə yaxşı çörəklər bişirirlər. Bu gün mən burada bir balaca çörək yedim, çox dadlı çörək idi. Bunu kim bişirir?
ƏŞRƏF MƏMMƏDOV: Camaat özü bişirir.
HEYDƏR ƏLİYEV: Deyəsən İsmayıllıda idi, yoxsa harada idi, mənə dedilər ki, çörək zavodu vardı, indi yoxdur. İndi çörək zavodu nəyə lazımdır ki, özəl sektor var. Şəkidə neçə yerdə çörək bişirirlər?
ƏŞRƏF MƏMMƏDOV: Kombinatın cüzi bir hissəsi işləyir, ümumiyyətlə, 100-dən çox evdə çörək bişirilir.
Cənab Prezident, məlumat üçün deyim ki, Şəkidə tələbatdan 4 dəfə çox taxıl istehsal olunur. Biz bunu sata bilmirik. Çox doğru deyildi ki, problem kənardan gətirilən taxıla üstünlük verilməsi ilə birbaşa bağlıdır.
FƏRHAD ƏLİYEV: Cənab Prezident, elədir. İsmayıllıda, Şəkidə bu problem mövcuddur, başqa rayonlarda da mövcuddur.
HEYDƏR ƏLİYEV: Onda mən sənə tapşırıram, bu məsələni dərindən öyrən və vəziyyəti müəyyənləşdirək. Əgər doğrudan da bunun bizə başqa zərəri olmasa, onda idxal olunanın rüsumunu artırarıq. Onda bunlar da satarlar.
FƏRHAD ƏLİYEV: Cənab Prezident, bu, mümkündür.
HEYDƏR ƏLİYEV: Məşğul olun.
FƏRHAD ƏLİYEV: Aydındır.
X X X
“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ ETİBAR PİRVERDİYEVİN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Biz bu gün Şəkidə yeni Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etdik. Şəkidə Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi respublikamızda idmanın kütləvi inkişafına, yeni dünya və olimpiya çempionlarının yetişməsinə əvəzsiz şərait yaradacaqdır.
Möhtərəm Prezident, bu ilk növbədə, Sizin və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Hazırda ölkəmizin iqtisadiyyatının bütün sahələri belə qayğı və diqqətlə əhatə olunmuşdur. O cümlədən respublikamızda energetikanın inkişafı, cənab Prezident, həmişə Sizin diqqət mərkəzinizdə olmuşdur.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, son aylarda respublikamızın elektroenergetika sektorunda 2002-ci, 2003-cü illərin payız-qış mövsümünə hazırlıq proqramı çərçivəsində görülmüş tədbirlər haqqında qısa məlumat vermək istəyirəm.
Belə ki, bilavasitə Sizin diqqət və köməyiniz sayəsində tikilib istifadəyə verilmiş, Cənubi Qafqazda ən böyük stansiya olan Azərbaycan DRES-də itirilmiş 650 meqovat gücdən artıq 250 -300 meqovatı bərpa olunmuşdur. Hazırda 8 blokun hər biri orta hesabla 260-280 meqovat gücə malikdir.
HEYDƏR ƏLİYEV: Səkkizi də işləyir?
ETİBAR PİRVERDİYEV: Bəli, səkkizi də işləyir. Azərbaycan DRES bu ilin payız-qış mövsümündə 2 min meqovatdan az olmayaraq yük aparacaqdır. Əli Bayramlı DRES-də də bir blokda əsaslı təmir işləri başa çatdırılmış, digər ikinci blokda isə noyabr ayının sonuna kimi təmir işləri başa çatdırılacaqdır.
Gücü 4 meqovat olan “Şimal” DRES-in qaz-buxar qurğusunda buraxılış işləri başa çatmaq üzrədir. Mingəçevir Su Elektrik Stansiyasında gücü 200 meqovat amper olan yeni avtotransformator işə qoşulmuş, nəticədə gücün 40 meqovat artırılmasına nail olunmuşdur. Bununla yanaşı, Mingəçevir Su Elektrik Stansiyasından qidalanan Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Yevlax və digər qonşu rayonların elektrik təchizatının etibarlılığı artırılmışdır.
HEYDƏR ƏLİYEV: Mingəçevir Su Elektrik Stansiyası indi neçə meqovat enerji verir?
ETİBAR PİRVERDİYEV: Mingəçevir Su Elektrik Stansiyası 401 meqovat verir. Hazırda bir blok təmirdə olduğuna görə 330-340 meqovat yük aparır. Şəmkir Su Elektrik Stansiyasında hər iki hidroaqreqatda əsaslı təmir işləri başa çatdırılmış, 380 meqovat gücün respublikamızda istehlakçılara sabit olaraq çatdırılması üçün zəmin yaradılmışdır.
HEYDƏR ƏLİYEV: Nə vaxt olacaq?
ETİBAR PİRVERDİYEV: Blok artıq tam hazırdır. Beton işləri aparılmışdır, sonra ikinci maşın işə qoşulacaqdır. Yəni, 380 meqovat hazırdır.
HEYDƏR ƏLİYEV: Cəmi neçə meqovat verəcəkdir?
ETİBAR PİRVERDİYEV: 380 meqovat verəcəkdir.
HEYDƏR ƏLİYEV: Yenikənd stansiyasından danış.
ETİBAR PİRVERDİYEV: Yenikənd stansiyasında dördüncü blokda təmir-tikinti işləri davam etdirilir. Tikinti aparan şirkət bizə söz verib ki...
HEYDƏR ƏLİYEV: Orada dörd blok var.
ETİBAR PİRVERDİYEV: Artıq dördüncü blok işə salınmaq üzrədir. Amma üç blok işləyir.
HEYDƏR ƏLİYEV: Biz o vaxt onun üçünü istifadəyə vermişdik.
ETİBAR PİRVERDİYEV: Bəli.
HEYDƏR ƏLİYEV: Sonra dördüncünü başladıq.
ETİBAR PİRVERDİYEV: İş gedir.
HEYDƏR ƏLİYEV: Mənə de görüm, o üç blok nə qədər enerji verir?
ETİBAR PİRVERDİYEV: Üç blok 90-95 meqovat enerji verir.
HEYDƏR ƏLİYEV: Sabit olaraq verir?
ETİBAR PİRVERDİYEV: Bəli, sabit olaraq 90-95 meqovat enerji verir.
HEYDƏR ƏLİYEV: İndi bu dördüncü blok işə buraxılanda cəmi nə qədər enerji hasil ediləcək?
ETİBAR PİRVERDİYEV: Dörd blokda cəmisi 150 meqovat olacaqdır.
HEYDƏR ƏLİYEV: Bu, nə vaxt olacaqdır?
ETİBAR PİRVERDİYEV: İki ay bundan öncə tikintini aparan şirkət dördüncü bloku ilin sonuna kimi təhvil verməyi vəd etmişdi.
ABİD ŞƏRİFOV: Bu ilin sonuna kimi tamamilə qurtaracaqdır.
HEYDƏR ƏLİYEV: Tamamilə istismara veriləcəkdir?
ABİD ŞƏRİFOV:Bəli, 7,5 meqovat gücündə olacaqdır.
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, mən həmin şirkətin rəhbərindən məktub almışam. Onların yazdığına görə, həmin işlərin davam etdirilməsi üçün ilin sonuna qədər vaxt istəyirlər.
ABİD ŞƏRİFOV: Cənab Prezident, mən məşğul olub Sizə məruzə edərəm. Mənə dekabrın sonuna qədər demişdilər.
HEYDƏR ƏLİYEV: Bir də baxın.
ABİD ŞƏRİFOV: Baş üstə, birinci gün məlumat verərəm.
ETİBAR PİRVERDİYEV: Sadaladığım bu işlər respublika istehlakçılarını qış mövsümündə sabit elektrik enerjisi ilə təmin etməyə imkan yaradacaqdır. Eyni zamanda, Şəki rayonu üzrə görülmüş işlər barədə məlumat vermək istəyirəm.
110 kilovoltluq Şəki yarımstansiyasında 25 meqovolt amperlik tansformator təmir edilmişdir. Üç kilometr uzunluğunda Şəki elektrik veriliş xətti bərpa olunmuşdur. 35 kilovoltluq bir neçə yarımstansiyada yenidənqurma işləri aparılmışdır. 124 ədəd on kilovoltluq transformator əsaslı təmir edilmişdir. 32 ədəd 10,4 kilovoltluq transformator quraşdırılmışdır. 42 kilometr uzunluğunda 10 kilovoltluq xətlər təmir edilmiş, 9 kilometr uzunluğunda yeni xətt çəkilmişdir.
Noyabrın 15-dən sonra Zəyzit yarımstansiyasının gücü 2,5 meqavat artırılacaqdır. Görülmüş bu tədbirlər nəticəsində, keçən illərlə müqayisədə qəza açılmaları dəfələrlə azalmışdır. Keçən ilin müvafiq dövründə həmin rayonun enerji sistemində qəzaların sayı bir ay ərzində 20-dən çox idisə, bu ilin son aylarında həmin rəqəm 3-ə enmişdir və oktyabr ayında heç bir qəza halı baş verməmişdir.
Cənab Prezident, Azərbaycanın rayon və şəhərlərində müəssisə və obyektlərin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq, paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin səmərəsini artırmaq, onların inkişafı üçün investisiyanın, yeni texnologiyanın cəlb edilməsinə şərait yaratmaq məqsədi ilə Sizin Sərəncamınıza əsasən 2002-ci il oktyabrın 1-dən “Gəncəelektrikşəbəkə” “Əlibayramlıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətləri uzunmüddətli idarəetməyə verilmişdir. Şəki rayonunun daxil olduğu “Gəncəelektrikşəbəkə”ni idarəetməyə götürmüş şirkət tərəfindən, mərkəzi Şəki şəhərində olmaqla, yeni regional mərkəz yaradılır. Bununla bağlı Şəkidə 50 iş yeri açılacaqdır.
HEYDƏR ƏLİYEV: İstəyirəm biləm, “Şəkielektrikşəbəkə”si ayrı olacaq, yoxsa bunu “Gəncəelektrikşəbəkə”yə bağlamısınız? Yəni, regional deyəndə, nəyi nəzərdə tutursunuz?
ETİBAR PİRVERDİYEV: Həmin regional şəbəkəyə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz rayonları - beş rayon daxil olacaqdır. Həmin mərkəz Şəkidə yerləşəcəkdir.
HEYDƏR ƏLİYEV: Yaxşı, onda siz çox böyük ərazini götürüsnüz. Şəki, Qax, Zaqatala, Balakən, Oğuz - bunlar hamısı bir şəbəkə, özü də müstəqil şəbəkə ola bilər.
Texniki cəhətdən elə olur, amma tam müstəqil olmur, demək, müstəqil olanda, o özü biləcəkdir ki, nə qədər elektrik enerjisi satır, nə qədər pul yığır, nə etməlidir. Yoxsa, bütün ölkənin yarısını Gəncəyə vermisiniz, nədir?
FƏRHAD ƏLİYEV: Cənab Prezident, dörd şəbəkə yaradılıbdır. Səhv etmirəmsə, 23 rayon Gəncəyə bağlıdır. Lap əvvəllər də belə olubdur.
HEYDƏR ƏLİYEV: Yaxşı, deyirsiniz, Şəki regional şəbəkəsi yaratmısınız. Bu şəbəkəyə neçə meqovat elektrik enerjisi sərf olunacaqdır? Bilirsən, yoxsa, yox?
ETİBAR PİRVERDİYEV: Bu gün Şəki 60 meqovat güc götürür.
HEYDƏR ƏLİYEV: Həm şəhər, həm də rayon 60 meqovat?
ETİBAR PİRVERDİYEV: Bəli.
HEYDƏR ƏLİYEV: Əgər bunlar 50-60 meqovatla dolana bilirlərsə, bu, pis deyil. Amma bu tələbatı tamamilə təmin edir, yoxsa, yox? Çünki özünüz mənə deyirdiniz ki, Şəmkir rayonu 100 meqovat elektrik enerjisi götürür. Mən başa düşmürəm, Şəmkir rayonunun Şəkidən nəyi böyükdür?! O, niyə 100 meqovat götürür, Şəki isə 50-60 meqovat. Niyə belə edirsiniz?
FƏRHAD ƏLİYEV: Cənab Prezident, Şəkidə enerjini qənaətlə, fasilə ilə işlədirlər.
HEYDƏR ƏLİYEV: Yox, bir var qənaət, bir də var fasilə. Qənaət odur ki, məsələn, icra hakimiyyəti başçısının üç otağı var, birində oturur, ikisində isə lampanı söndürür. Amma başqası üç otağın hamısında lampanı yandırır, televizoru, başqa şeyləri yandırır. Bu qənaət deyil. Amma fasilə belədir ki, məsələn, günün bir hissəsində enerji verilir, o biri hissəsində verilmir.
Deyəsən, dünən sən mənə dedin ki, səhər saat 7-dən 10-a qədər, ondan sonra...
ƏŞRƏF MƏMMƏDOV: Şəhərdə səhər saat 10-na qədər, kənddə 9-a qədər enerji verilir.
HEYDƏR ƏLİYEV: Sonra, saat 12-dən 2-yə qədər, ondan sonra 6-dan gecə saat 1-ə qədər. Kənddə 7-dən 1-ə qədər. Bu, fasilədir. İndi bunlar fasilə ilə ölçürlərsə, bu, pis deyil. Amma bir yerə enerjini fasilə ilə verirsiniz, o biri yerə fasiləsiz verirsiniz. Axı bu, ədalətsizlikdir.
FƏRHAD ƏLİYEV: Cənab Prezident, siz haqlısınız.
HEYDƏR ƏLİYEV: Bəs buna niyə yol verirsiniz?
FƏRHAD ƏLİYEV: Başqa rayonların hamısı normal enerji götürür. Təkcə Şəmkir rayonu elektrik stansiyası orada yerləşdiyinə görə qaydaları bir az pozmuşdu.
HEYDƏR ƏLİYEV: İndi orada qayda yaratmısınız?
FƏRHAD ƏLİYEV: Bəli, qaydaya düşür.
ETİBAR PİRVERDİYEV: Texniki səbəblərdən onların enerjisini ayırmaq, kəsmək mümkün deyil. Qurulmuş sxemlərə görə həmin xətti kəsə bilmirdik. Yəni, bu böyük xərc tələb edirdi. Hazırda yeni sxemlər qurulur. Şəmkir rayonu da digər rayonlar kimi enerji alacaqdır.
HEYDƏR ƏLİYEV: Onu nə vaxt ayıracaqsınız.
ETİBAR PİRVERDİYEV: Hazırda nəzarət edirik. Şəmkir əvvəllər 115, hətta 130 meqavata qədər enerji alırdısa, bu gün həmin yük azaldılmışdır. Sxemdə dəyişiklik aparılsa, yüklər yenə aşağı salınacaqdır.
HEYDƏR ƏLİYEV: Şərifov, sən hara baxırsan? Niyə belə ədalətsizliyə yol verilir?
ABİD ŞƏRİFOV: Cənab Prezident, bu məsələlərə başqa müavin baxır.
HEYDƏR ƏLİYEV: Başqa müavin baxır, canını qurtardın. Yaxşı, siz əyləşin.
Mən şəbəkə məsələsinə bir söz demirəm. Mən belə şeylərə müdaxilə etmək istəmirəm. “Gəncəelektrikşəbəkə” ölkənin böyük bir hissəsini əhatə edir, o da özünə regional şəbəkələr yaradır. Demək, “Gəncəelektrikşəbəkə”yə, buradan Balakənə, Qazaxa qədər olan rayonlar daxil olur. Mən belə başa düşürəm. Elədirmi?
ETİBAR PİRVERDİYEV: Bəli.
HEYDƏR ƏLİYEV: Bilmirəm, o tərəfdən də hara qədər? Mən belə başa düşürəm, bu da işini yüngülləşdirmək üçün, regional şəbəkələr yaradır. Elədirmi?
ETİBAR PİRVERDİYEV: Bəli.
HEYDƏR ƏLİYEV: Olmazmı ki, regional şəbəkələrin hər biri müstəqil olsun? Özü də baxın, yenə də deyirəm, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz - altı rayondur. Ümumiyyətlə, bu altı rayon təxminən neçə meqavat elektrik enerjisi alacaqdır.
ETİBAR PİRVERDİYEV: Kiçik rayonların hər biri 15-17 meqavat götürür.
HEYDƏR ƏLİYEV: Yəqin oraya da enerjini fasilə ilə verirsiniz.
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, olarmı mən fasilə məsələsi barədə bir neçə kəlmə deyim?
HEYDƏR ƏLİYEV: Buyur.
ETİBAR PİRVERDİYEV: Ümumiyyətlə, elektrik enerjisinin verilməsində fasilə yoxdur. Yəni, rayona həmişə müəyyən miqdarda, 20-25 meqavat gücündə elektrik enerjisi verilir. Yəni, gecə saat 1-dən sonra elektrik enerjisi olmur. Gecə saat 1-də biz 60 meqovat elektrik enerjisi verə bilərik. Sadəcə olaraq, yerli şəbəkələr icra hakimiyyəti orqanları ilə birgə - mən konkret bu rayonun timsalında demək istəmirəm - açılmalar aparırlar. Elektrik enerjisi verməyə bizim gücümüz var. Yəni rayonlar yığım faizini süni şəkildə qaldırmaq üçün enerjini kəsirlər. Əhaliyə verilən elektrik enerjisini azaldırlar. Problem bundadır.
HEYDƏR ƏLİYEV: Bunu özləri azaldırlar?
ETİBAR PİRVERDİYEV: Bəli, özləri yerlərdə bu addımları atırlar. Amma rayona sabit olaraq 20 meqavat enerji verilir. Bu da, rayonun bütün mühüm obyektlərinin enerji ilə təmin olunmasına kifayət edir. Bunu da yerli paylayıcı elektrik şəbəkəsi edir.
HEYDƏR ƏLİYEV: Yaxşı, Şəkiyə verilən elektrik enerjisinin neçə faizinin haqqı yığılır?
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, on ay ərzində həmin rəqəm orta hesabla 15 faizdir. Amma axırıncı ayda idarəetməyə verildikdən sonra isə şəbəkədə bu rəqəm 22 faizə qalxmışdır.
HEYDƏR ƏLİYEV: Yaxşı, 15 faiz, 22 faiz. Bəs, qalanının pulunu kim verməlidir? Demək, siz müftə elektrik enerjisi işlədirsiniz. Əgər cəmi 15 faizini, yaxud 20 faizini ödəyirsinizsə, deməli, 80 faizinin pulunu vermirsiniz. Elədir? İndi deyirsən ki, 20 faizə qaldırmısınız, bu böyük şeydir?
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, bir ay ərzində 22 faizə qaldırmışıq.
HEYDƏR ƏLİYEV: Bəs, sonra nə olacaq?
ƏŞRƏF MƏMMƏDOV: Sonra tədricən artırılacaqdır.
ETİBAR PİRVERDİYEV: “Azərenerji”yə ödəniləsi pul 30 faizdir. Yəni, baxmayaraq ki, 22 faiz toplanıbdır, amma “Azərenerji”yə 30 faiz ödənilməlidir.
HEYDƏR ƏLİYEV: Bu, təkcə şəkidə yox çox yerdə belədir. Siz elə düşünməyin ki, bu təkcə sizdədir. Bu, bizim ümumi problemimizdir.
ETİBAR PİRVERDİYEV: Möhtərəm Prezident, enerji sistemində görüləsi işlər hələ çoxdur.
Sizi əmin etmək istəyirəm ki, qarşımıza qoyduğunuz məsuliyyətli və şərəfli işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Bu işlərin həyata keçirilməsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə respublika energetikləri adından Sizə minnətdarlığımızı bildirirəm.
Diqqətinizə görə sağ olun.
HEYDƏR ƏLİYEV: İndi qış dövrüdür, hava çox sərindir. Şəki rayonu yaza qədər elektrik enerjisi ilə lazımi səviyyədə təmin olunacaq, yoxsa, olunmayacaq? Mən bunu bilməliyəm. Çünki bu gün gəlmişəm, şəkililərin qarşısında bunları deməliyəm, nə mümkündür, nə mümkün deyil. Sən de görüm, enerjini icra hakimiyyətinin başçısının dediyi fasilə cədvəli ilə, yaxud bütün gün ərzində verəcəksiniz, yoxsa, fasilə cədvəlinizi pozacaqsınız? Bu, necə olacaqdır?
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, Şəki rayonunun təlabatı bütün gün ərzində maksimum 65 meqavatdır. Həmin yükü tam verməyə imkanımız var. Ancaq axşam saatlarında güclə bağlı bütün respublikada müəyyən çatışmazlıq yaranır. Onda biz hansısa bölgədə enerjini azaltmağa məcburuq.
HEYDƏR ƏLİYEV: Yaxşı, 400 meqavatlıq “Şimal” DRES-i də istifadəyə verəcəyik. Bəs, hər yerdə fasiləsiz elektrik enerjisi nə vaxt olacaqdır? Buna nə vaxt nail olacaqsınız?
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, bu gün respublikada yaradılan yeni güclər, əslində, əhalini enerji ilə təmin etməyə imkan verir. Ancaq biz düşünürük ki, elektrik enerjisi çatışmazlığının səbəbi israfçılıqdır. Yəni, haqqın ödənilməməsi, yığılmamasıdır. Ona görə də elektrik enerjisindən həddindən çox istifadə olunur. Əgər əvvəllər hər yerdə artım 10 faiz idisə, indi artım getmir. Yəni, enerji pulları yığıldığına görə əhali artıq enerjiyə qənaət etməyə başlayır. Bu addımlar rayonlarda da atıldıqca, əhali elektrik enerjisindən qənaətlə istifadə etməyə başlayacaqlar.
HEYDƏR ƏLİYEV: Yaxşı, əyləş?
X X X
“AZƏRİQAZ” SƏHMDAR CƏMİYYƏTİNİN
PREZİDENTİ ƏLİXAN MƏLİKOVUN
ÇIXIŞI
Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları,
Cənab Prezident, şəxsən Sizin diqqət və qayğınız sayəsində son illər respublikamızda əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması istqamətində çox mühüm işlər görülmüşdür. Milli Məclisin deputatı cənab İlham Əliyevin təşəbbüsü ilə respublika əhalisinin sosial vəziyyətini yaxşılaşdirmaq məqsədi ilə qaz almayan şəhər və rayonlarda qaz təminatının bərpa edilməsi təklifi, cənab Prezident, Sizin tərəfinizdən bəyənilmiş və “Azəriqaz” Səhmdar Cəmiyyətinə bu istiqamətdə konkret tapşırıqlar verilmişdir.
2001-ci ilin noyabr ayından başlayaraq qaz almayan rayonlara qazın verilməsinin bərpa edilməsi işlərinə başlanılıb və həmin işlər bu gün də davam etməkdədir.
Hazırda respublikamızın 47 rayon mərkəzinə təbii qaz verilir. Qeyd etmək lazımdır ki, biz Sabirabad, Saatlı bölgəsində böyük təmir işləri aparmışıq, həmin işlər yekunlaşdırılıb. Noyabrın 12-də həmin bölgəyə verilən qazın artırılmasını təmin edəcəyik.
Möhtərəm cənab Prezident!
Şəki şəhərinə qazın verilməsi 1996-cı ildə dayandırılmışdır. Qeyd olunduğu kimi, Sizin göstərişinizlə rayonlara qazın verilməsi tapşırığını aldıq və burada təmir işləri aparıldı. 2002-ci il fevralın 21-də Şəki şəhərinə qazın verilməsi bərpa edildi. Bununla əlaqədar 5,1 kilometr magistral kəmər təmir edilmiş, buna da haradasa, 1,7 milyard manat vəsait sərf olunmuşdur.
Qeyd etmək lazımdır ki, Şəki şəhərində, ümumilikdə, 12 min 500 abonent var. Bu vaxta kimi Şəki şəhərinin 7 min 300 abonenti qazla təmin olunmuşdur. Bu ayın axırına kimi biz yeraltı qaz kəmərlərində hissə-hissə sınaq işlərini aparıb, 700 abonentin qazla təminatına nail olacağıq. Bu sahədə işlər davam edir və qərara almışıq ki, ilin sonuna qədər abonentlərin sayını 10 minə çatdıraq. Bərpa işlərində burada cəmi 8 nəfər işçi çalışırdısa, hazırda onların sayı 65 nəfərdir.
Bir məsələni qeyd edim ki, verilən qazın haqqı Şəki şəhərində 90 faiz yığılır. Axırıncı aylar bu, 100 faizdir. Ümumilikdə isə, fevral ayından bu günə kimi verilən qazın haqqı 90 faiz ödənilmişdir.
HEYDƏR ƏLİYEV: Şəki şəhərində?
ƏLİXAN MƏLİKOV: Bəli.
HEYDƏR ƏLİYEV: Bəs Azərbaycan üzrə?
ƏLİXAN MƏLİKOV: Azərbaycan üzrə isə bu 41 faiz təşkil edir.
HEYDƏR ƏLİYEV: Şəkidə 90 faiz?
ƏLİXAN MƏLİKOV: Bəli, Şəkidə 90 faiz təşkil edir. Cənab Prezident bir məsələni də qeyd edim ki, 2001-ci ildən respublikamızın 30 rayon mərkəzinə qaz veririk və həmin rayonlar üzrə ödəniş, ümumilikdə, 80-85 faiz təşkil edir.
HEYDƏR ƏLİYEV: Onda sən bunları Bakı əhalisinə göstər. Bakı şəhəri gərək nümunə olsun. Şəki şəhəri qazın haqqını 90 faiz verir. Bakı şəhəri nə qədər verir?
ƏLİXAN MƏLİKOV: Bakı şəhəri 39 faiz verir.
HEYDƏR ƏLİYEV : Niyə Şəki qazın haqqını 90 faiz verə bilir, Bakı 39 faiz verir?
ƏLİXAN MƏLİKOV: Mənə elə gəlir, o rayonlar ki, müəyyən müddət qaz almamışdılar, çətinlikləri gördülər, qaz bərpa olandan sonra həmin rayonlarda qazın ödənişində yüksək faiz təmin olunub. Mən, yeri gəlmişkən, fürsətdən istifadə edib çox xahiş edərdim ki, rayon rəhbərliyi bu işə daim kömək etsin. Yəni diqqət yetirsinlər ki, bu səviyyə aşağı düşməsin. Cənab Prezident, biz Şəki şəhərində 13 minə yaxın abonenti tam qazla təmin etməyi 2003-cü ilin birinci rübünün sonuna nəzərdə tutmuşuq. Hasılat tədricən artdıqca yəqin ki, digər qəsəbə və kəndlərə də qaz veriləcəkdir.
HEYDƏR ƏLİYEV: İş burasındadır ki, qazın hasilatı hələ ki az artır. Gələcəkdə ola bilər ki, çox artsın. Amma bütün rayonları təmin etmək üçün gərək Rusiyadan daha da çox qaz alaq. Daha çox qaz almaq üçünsə, onlara daha çox dollar verməliyik. Hər halda hesab edirəm ki, Şəki üçün mühüm bir hadisədir ki, xeyli vaxt qaz almırdılar, indi alırlar. Qədrini də bilirlər, ona görə haqqı 90 faiz ödəyirlər. Yaxşı olar ki, 100 faizə qaldırsınlar. Əgər haqqını verməsələr qaz kəsilə bilər.
Mənim nəzərdə tutduğum nazirlər çıxış etdilər. Güman edirəm daha başqa çıxışlara ehtiyac yoxdur. Çıxış etmək istəyənlər varmı? Mənə heç bir sözünüz yoxdur? Var? Buyurun.
X X X
KİŞ KƏND ORTA MƏKTƏBİNİN DİREKTORU MÜZƏKKİR QARAYEVİN ÇIXIŞI
Hörmətli Prezident!
Hörmətli müşavirə iştirakçıları,
Dünən Prezidentimizin Şəkiyə gəlişi, bizi çox məmnun etdi. Yəni bizim əzizimiz, ağsaqqalımız Şəkiyə gəlib. Rayonumuzun bütün əhalisi kimi, mən də bundan çox fərəhləndim. Dövlətimizin başçısı müraciət etdi ki, kimin çıxışı var? Mən də qərara aldım ki, öz ürək sözlərimi, öz razılığımı, yaşadığım kəndin adamlarının xahişini Prezidentimizə çatdırım.
Biz bu gün Şəki şəhərində idman kompleksinin açılışında iştirak etdik. Bizim kənddən orada 500 nəfərdən artıq adam iştirak edirdi. Çox şad olduq. Prezidentimiz Heydər Əliyevin, İlham müəllimin əməyi, doğrudan da, bizi sevindirir. Biz, həqiqətən, sevinirik. Cənab Prezident, hörmətli İlham müəllim, səmimi deyirəm ki, hər bir şəkili bizə göstərdiyiniz qayğıya görə ürəyində Sizə böyük məhəbbət bəsləyir.
Mən buraya gələrkən Kiş kəndinin ağsaqqalları, müəllimləri, adamları məndən xahiş etdilər ki, əgər imkan düşsə, sən bizim salamımızı, ehtiramımımzı, xahişimizi hörmətli Prezidentimizə çatdır. Mən sevinirəm, şadam ki imkan düşüb, onların sifarişlərini Sizə çatdırıram.
Salam bundan ibarətdir ki, Kiş kəndinin sakinləri, qocaları, cavanları, uşaqları Sizə həddindən çox hörmət bəsləyir, Sizin verdiyiniz fərmanlar və sərəncamlar məktəbdə, müəllim otağımızda, toylarımızda, mərasimlərimizdə başa düşdüyümüz səviyyədə müzakirə olunur və biz Sizi ürəkdən dəstəkləyirik.
Qeyd etdiyiniz kimi, Sizin kəndimizə böyük diqqət və qayğınız olub. Şəkini seldən qorumaq üçün bənd çəkdirdiniz, əməyiniz çox oldu. Bəxtiyar müəllim də, Siz də, kəndin adamları da, Abid müəllim də orda çox əziyyət çəkdiniz. Mən onun canlı şahidiyəm. Yaxşı şey o oldu ki, Şəki seldən qorundu, Kiş kəndinin 7 min əhalisi üçün körpü salındı. Kiş camaatınin ildə 5-6 nəfəri həmin cayda axırdı, ölənlər də çox olurdu. Körpu salınandan sonra, cənab Prezident, kişlilər şəhərə avtobusla gəlirlər, bazarlıq edirlər, axşam da evlərinə qayıdırlar. Onlar hər dəfə şəhərə gəlib qayıdanda bu körpünü salanın ata-anasına rəhmət oxuyurlar. Dünyada bundan gözəl savab yoxdur. O savaba Siz nail olmusunuz.
Ona görə də mən körpü ilə bağlı Kiş kəndinin bütün sakinlərinin ehtiramlarını Sizə çatdırmağı özümə borc bilirəm. Əğər mən burda çıxış etməsəydim, rahat ola bilməzdim. Xahiş edirəm Siz də, buradakılar da məni bağışlasınlar ki, vaxtınızı alıram.
Kişlilərin bir xahişini də Sizə çatdırmaq istəyirəm. Bizim kəndin adamları həmin körpüyə Heydər körpüsü deyir. Körpü çox gözəl körpüdür. Sağ olsun onu tikənlər. Cənab Prezident, həmin körpü Sizin səyinizlə tikilibdir. Yəni, Şəkiyə, kişlilərə verdiyiniz qiymətdir. Mən istəyirəm ki, Azərbaycanın coğrafiyasına yazılsın ki, Kiş cayı, üstündən də Heydər baba körpüsü salınıbdır.
Salamı, ehtiramı yetirdim, qaldı bir dənə xahiş. O nədən ibarətdir?
Hörmətli Prezident, mən məktəb direktoruyam. Bizim kənddə üç məktəb var. İkisi orta, biri ibtidai təhsil verir. Bizim məktəbdə 890 şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. 43 sinif otağı var . 43-ünü də valideynlərin, müəllimlərin köməyi ilə tikmişik. 1928 -ci ildə 4 otaqlı ibtidai məktəb tikilib. Həmin vaxtdan orada iki növbədə dərs keçilir. Axşama kimi əlimdə çəkic, kəlbətinlə gəzirəm. Amma məktəbimizin uğurları var.
Siz inanın ki, qəbulla əlaqədar kitabda çap olunubdur. Respublika üzrə göstərici 48 faizdir, bizim məktəb üzrə də o darısqal məktəbdə parta tapılmır. İnanın ki, 3-4 uşaq bir partada oturur. Mən, valideynlər, şagirdlər hər yerə- İqtisadi İnkişaf Nazirliyinə, Təhsil Nazirliyinə, bütün əlaqədar təşkilatlara məktublar yazmışıq. Cavab gəlir ki, respublkamızda iqtisadi vəziyyət ağırdır. Mən də camaata demişəm, a qardaş, qoyun müharibə qurtarsın məktəb tikiləcək.
Çənab Prezident, təhsil müəssisələrində maddi bazanın yaxşılaşdırılması, yarımçıq qalmış tikililərin inşası ilə bağlı sizin bir Fərmanınız çıxdı. Aparıb çayxanada oxudum. Dedim, gördünüz, bax, hörmətli Prezidentimiz məktəbə də kömək edir. Ona görə də bütün kənd camaatı məni görəndə deyirlər ki, Prezidentin canı sağ olsun, məktəbə də kömək edir.
Bizim kənddə iki hektar yarım torpaq sahəsini bir təhər qoruyub saxlamışıq. Hörmətli deputatımız buradadır, bilir, bir məktubumuz da ondadır. Hörmətli Prezident, həmin iki hektar yarımın bir hissəsini əlimizdən aliblar. Sağ olsun Əşrəf müəllim, kömək etdi, dedi ki, məktəb yerinə toxunmaq olmaz. İndi orada iki hektar yer qalıbdır. Orada 1092 yerlik məktəb binası tikmək üçün layihə də hazırdır. 1994-cü ildə tikintisi başlanıbdır. İri beton hissələr də gətirmişdilər. Sonra, ortada bir dövr oldu, onları daşıyıb satdılar. Bizim kəndin müəllimləri yığışıb iri maşınların qabağını kəsirdilər ki, aparmasınlar.
HEYDƏR ƏLİYEV: Aparan da sizin kəndin adamları idi?
MÜZƏKKİR QARAYEV: Xeyr, şəhərə aparırdılar. Hörmətli Prezident, mən fikrimi yekunlaşdırıram. Xahişim budur ki, 2002-ci ildə bu məktəbin tikintisi başlasa...
HEYDƏR ƏLİYEV: Axı, 2002-ci il qurtarır?
MÜZƏKKİR QARAYEV: Siz Sərəncam versəniz, iki ayda tikilər. Sizin köməyinizlə olar.
Bir qoca arvad var. Gəlib mənə deyir ki, Heydər Əliyev oğlu ilə Şəkiyə gəlibdir. Allah, özünün də, oğlunun da canını sağ eləsin. Bizim məktəb tikiləndən sonra kəndimizə nəvəsi ilə gəlsin.
HEYDƏR ƏLİYEV: Nəvəsi ilə!
MÜZƏKKİR QARAYEV: Bəli. Siz o məktəbi tikdirsəniz, ona Sizin adınıza verərik. Heydər Əliyev adına Kiş kənd orta məktəbi, nəvənizlə, oğlunuzla o məktəbin açılışına qonaq gələrsiniz.
HEYDƏR ƏLİYEV: O vaxta qədər nəvəmlə gələ bilmərəm?
MÜZƏKKİR QARAYEV: Əlbəttə, gələ bilərsiniz.
Mən məktəbimizin müəllimləri, kənd sakinləri adından Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Məsləhətdirsə, o məktəbin tikintisinə kömək edin.
HEYDƏR ƏLİYEV: Sözünü qurtardın?
MÜZƏKKİR QARAYEV: Bəli.
HEYDƏR ƏLİYEV: Onda dayan, bir-iki kəlmə söz deyim.
Birincisi, xoş sözlərinə görə təşəkkür edirəm. Deyirsən, 500 adam gəlmişdi, onların hamısına, Kiş kəndinin əhalisinə salamımı çatdır. O vaxt bəndi, körpünü tikmişik, sizə çox kömək etmişik. Körpüdən istifadə edirsiniz və özünə də Heydər körpüsü deyirsiniz. Deyin, amma onu coğrafiyaya salmaq lazım deyildir. Coğrafiyasız nə deyirsiniz, deyin. Heydər körpüsü deyirsiniz, buna etirazım yoxdur. Amma ona rəsmi ad vermək, coğrafiyaya salmaq lazım deyildir.
Ümumiyyətlə, keçmişdə də belə idi, nə coğrafiya olub, nə də Fərman, xalq haraya nə ad veribsə, o ad da qalıbdır. Bu da sizin öz işinizdir. Onu coğrafiyasız özünüz edə bilərsiniz.
Məktəb tikintisi barədə. Sən ki, məktəbinizin vəziyyətini bu cür təsvir etdin, bunların vəziyyəti doğrudan belə ağırdır?
ƏŞRƏF MƏMMƏDOV: Cənab Prezident, lap ağır da demək olmaz. Onlar öz gücləri ilə 33 otaq təmir ediblər. Amma o kənddə 6 min 800 nəfər əhali yaşayır. İmkan daxilində müəyyən köməyə ehtiyac var.
HEYDƏR ƏLİYEV: Yaxşı, sən müəllimlərə, kəndlilərə de ki, məktəb tikiləcəkdir.
MÜZƏKKİR QARAYEV: Çox sağ olun.
HEYDƏR ƏLİYEV: Mən Seyidzadəyə tapşırdım ki, o yazsın, gedən kimi mənə desin, göstəriş verim. Düzdür, məktəb tikmək üçün indi bizim o qədər də çox vəsaitimiz yoxdur. Mən sentyabrın 1-də Bakıda bir məktəbə getmişdim. Yaxşı, nümunəvi məktəblərdən biri idi. Orada da vəziyyəti gördüm, o qədər yaxşı deyildi. Məktəb tikintisi ilə, məktəblərin təmiri ilə maraqlandım. Gördüm ki, indi bu da yaxşı deyildir.
Amma bir şeyi sizə deyim ki, kim öz imkanı ilə yerlərdə nə edirsə, onlar nəyəsə nail olurlar. Sizin icra hakimiyyətinin başçısı burada dedi ki, 4 ildə dörd məktəb tikmisiniz. Bu, yaxşıdır. Amma bilirsiniz ki, Naxçıvan blokada şəraitində yaşayan bir yerdir, inşaat materialları da aparmaq mümkün deyil, çətindir, vəsait də çatmır. Amma son 4-5 il içində 50 məktəb tikiblər. Demək, istəyəndə edirlər. Ancaq elə rayonlar var ki, 10 ildir bir məktəb tikməyibdir. Belələri də var.
Ona görə də mən bir Sərəncam verməyə məcbur oldum. O Sərəncam əsasında lazımi tədbirlər görülür. Görünür, təhsil naziri deyib ki, sizin kəndin, Kiş kəndinin adı orada yoxdur. Bəlkə də o, bunu düşünmüşdür. Bir halda ki, burada bu cür yaxşı çıxış oldu və direktor Kiş kəndinin əhval-ruhiyyəsini mənə çatdırdı, gərək orada məktəb tikilsin. Mən bu barədə göstəriş verəcəyəm.
Mən indi qorxuram deyim ki, kim danışmaq istəyir. Biri də dursun desin, mənə başqa bir şey tik. Məni çətin vəziyyətdə qoyacaqsınız. Belə xahişlərdən savayı, başqa sözü olan varmı? Yoxdur. Saat 10-dur. Çox vaxtdır işləyirik.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun nitqi söylədi. \Dövlətimizin başçısının yekun nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur\.
X X X
Müşavirədə Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, baş nazirin müavini Abid Şərifov, MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyev, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, parlamentin deputatları Bəxtiyar Vahabzadə, Yaqub Mahmudov və digər rəsmi şəxslər iştirak edirdilər.