Şəki və Zaqatala məktəblərinin şagirdləri “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində uğur qazanıblar
Şəki, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Selcan Rəsulova və Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Banu Musayeva Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin III dərəcəli diplomuna layiq görülüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, müsabiqə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək məqsədilə təşkil olunub.
Qeyd edək ki, müsabiqənin Şəki-Zaqatala regionunda keçirilən rayon (şəhər) mərhələsində 250-dək şagird iştirak edib.