Şəkidə basketbol üzrə turnirdə qızlardan ibarət 8 komanda mübarizə aparıb
Şəki, 5 mart, AZƏRTAC
Şəki şəhərində ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında basketbol idman növü üzrə turnir keçirilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan turnir şəhər 17 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 komanda mübarizə aparıb.
Bildirilib ki, turnirin yekun nəticələrinə əsasən, şəhər 5 və 20 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.