Şəkidə bədii tikmə ustası Türkan Əhmədovanın fərdi sərgisi açılıb
Şəki, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 30-da Şəki Dövlət Rəsm Qalereyasında şəhərdəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi, gənc bədii tikmə ustası Türkan Əhmədovanın əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Gəncləri Günü ərəfəsində Şəki Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilən sərginin əsas məqsədi Azərbaycanın geniş yayılmış qədim xalq sənəti növlərindən olan bədii tikməni qoruyub saxlamaq və təbliğ etmək, gənc nəsildə bu sənətə maraq oyatmaqdır.
Mədəniyyət işçilərinin, incəsənət həvəskarlarının iştirak etdiyi sərginin açılışında Rəsm Qalereyasının direktoru İlahə Məmmədova çıxış edərək, Türkan Əhmədovanın yaradıcılığı barədə danışıb, qazandığı uğurlardan söz açıb.
Sərgidə nümayiş etdirilən “Buta”, “Muğam dünyası”, “Nar ağacı”, “Səməni” və digər bədii tikmə nümunələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sərgi fevralın 10-dək davam edəcək.