Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib
Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Son günlər ölkə ərazisində virusa yoluxma sayının kəskin artması ilə əlaqədar rayonda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəki şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin mərkəzi küçə və prospektləri, meydanların ərazisi kommunal təyinatlı texnikalar vasitəsilə xüsusi məhlulla yuyularaq dezinfeksiya edilib. Eyni zamanda, Şəki Mənzil İstismar Sahəsi tərəfindən şəhər ərazisindəki bütün ictimai yaşayış binalarının həyətləti, giriş blokları və pilləkənlər dezinfeksiya olunub. Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər kənd və qəsəbələrin ərazilərində də həyata keçirilir.
Şəhər icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və digər obyektlərdə reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsinin zəruriliyi izah olunur, tövsiyələr verilir.