Şəkidə korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirilib
Şəki, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 28-də Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirilib. M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə regional mədəniyyət idarəsinin rəhbər şəxsləri və əməkdaşları, idarənin tabeliyində olan mədəni-maarif müəssisələrinin rəhbərləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Tədbirdə çıxış edən regional idarənin rəisi Azər Yusubov bildirib ki, dövlətimizin başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Sonda müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb.