Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib
Şəki, 9 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar. İştirakçılar daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş etdirildiyi guşə ilə tanış olublar.
Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbiri Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov açaraq, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışıb.
Daha sonra çıxış edənlər Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.
Sonda Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.