Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
Şəki, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 96-cı ildönümü doğulduğu Şəki şəhərində ehtiramla qeyd edilib.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əlamətdar gün münasibətilə Xalq şairinin şəhərin “Yuxarı baş” məhəlləsində yerləşən ev-muzeyində xatirə tədbiri keçirilib. Tədbirdə Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışılıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri şair Vaqif Aslan, Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov və digər ziyalılar çıxış edərək, şairin yaradıcılığından ətraflı danışıblar. Bildirilib ki, 2009-cu ilin fevralında əbədiyyətə qovuşmuş Bəxtiyar Vahabzadənin əziz xatirəsi həmyerliləri tərəfindən daim əziz tutulur. Şairin yaradıcılığı Azərbaycan bədii fikrinin zənginləşməsində mühüm rol oynayıb. O, Vətəninə, doğulduğu yerə, soya bağlı bir insan olub. Şair anadan olduğu yurdu - Şəkini çox sevib. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kolorit, iti və ağıllı zəka, dərin düşüncə tərzi özünü göstərir. Vurğulanıb ki, daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan bu unudulmaz şəxsiyyətin zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olub.
Sonra şairin öz səsi ilə şeirləri səsləndirilib, 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub.