Şəkinin mədəniyyət işçiləri Gənclər Gününü bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər
Şəki, 1 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz göstəricisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Gəncləri Günü ilə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində keçirilən “Vətənimizin gələcəyi olan gənclər” adlı bayram tədbirində səsləndirilib.
Gənc və fəal mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin gənclərə həmişə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndərin gənclərlə bağlı siyasəti hazırda yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Aqəli Cəlilov və başqaları çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildiriblər.
Bayram tədbiri konsert proqramı ilə davam edib.