Şəmkirdə Gənclər Günü münasibətilə təntənəli tədbir keçirilib
Şəmkir, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, eləcə də Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon gənclərini əlamətdar gün münasibətilə təbrik edərək, onlara sürətlə inkişaf edən ölkəmizdə xoşbəxt və firavan həyat, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edildiyini xatırladan A.Məmmədov qeyd edib ki, Ulu Öndərin gənclər siyasətinin nəticəsi olaraq gənclərimiz dövlət idarəçiliyinin bütün sahələrində fəal iştirak etməyə başlayıblar. Gənclərə daim böyük etimad göstərən Heydər Əliyev vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq”.
Bildirilib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli təbəqə kimi formalaşmasında Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti mühüm rol oynayır. Şəmkir rayonunda həyata keçirilən gənclər siyasətindən və gənclərin sosial problemlərinin həllindən danışılarkən qeyd edilib ki, bu gün Şəmkir gəncləri təkcə rayonun deyil, eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir rayon nümayəndəliyinin direktoru Kənan İbrahimov, “Gənc Müəllimlər Birliyi”nin sədri Hafiz Pənahov Şəmkirdə dövlət gənclər siyasətinin icrası istiqamətində ötən il görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə mükafatlar təqdim olunub.