Şəmkirdə inşa olunan mərkəzi xəstəxana binası tezliklə istifadəyə veriləcək
Şəmkir, 4 aprel, Famil Quliyev, AZƏRTAC
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi sürətlə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda xəstəxana binasının tikintisində son tamamlama işləri aparılır. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri demək olar ki, başa çatdırıblar. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib. Qazanxana binasının tikintisi də artıq yekunlaşmaq üzrədir.
Tikintiyə baş çəkən rayon rəhbərliyi görülən işlərlə maraqlanıb.
Qeyd edək ki, 190 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, lor, ginekologiya, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi gedir. Beləliklə, yeni tibb ocağının tezliklə istifadəyə veriləcəyi gün elə də uzaqda deyil.