CƏMİYYƏT
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
Bakı, 30 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 30-da qeyd edilən Beynəlxalq Tərcüməçilər Günü 2024-cü ildə müasir texnologiyaların sürətli inkişafı, xüsusən süni intellektin tərcümə sahəsini daha çox əhatə etməsi şəraitində keçirilir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Tərcüməçilər Federasiyasının məlumatına görə, müəllif hüququ ilə bağlı məsələlər fonunda builki Beynəlxalq Tərcümə Gününün mövzusu Bern Konvensiyasına uyğun olaraq müəllif hüquqlarının qorunmasına borclu olan tərcümələrin orijinal yaradıcı əsərlər kimi tanınmasını əhatə edir. Təşkilat əlavə edir ki, tərcüməçilər həmin əsərdə edilən hər hansı dəyişikliyə nəzarət etmək və müvafiq mükafat almaq üçün mənəvi hüquqlarını qorumaq uğrunda mübarizə aparırlar. Bu sadə qaydaların qorunması peşəkar tərcüməçilər və tarixi tərcümə sənətinin özü üçün davamlı gələcəyi təmin edəcək.
Beynəlxalq Tərcüməçilər Federasiyası qeyd edib ki, müəlliflik hüququ ilə bağlı məsələlər mədəniyyət sektorunda tərcümələrdən istifadə, bədii tərcümə, nəşriyyat və hüquqi tərcümə də daxil olmaqla, bu peşənin bütün sahələrini əhatə edir. Süni intellektin inkişafı və rəqəmsal sahənin genişlənməsi ilə tərcüməçilər və terminoloqlar üçün müəllif hüquqlarının təsiri eksponent olaraq artır. Rəqəmsal sahədə tərcümənin atribusiyasının əhəmiyyəti getdikcə daha aktual olur. Bu, tərcüməçilərə öz səyləri sayəsində tanınmağa imkan verməklə yanaşı, mətnin mənbəyini aydın şəkildə göstərir, onu süni intellektlə yaradılan məzmundan daha yüksək bədii səviyyəyə qaldırır.
Diqqətə çatdıraq ki, Beynəlxalq Tərcüməçilər Federasiyasının qərarı ilə bu əlamətdar gün 1991-ci ildən qeyd edilir. Bu tarixin seçilməsi heç də təsadüfi deyil: “Bibliya”nı (“Vulqat”ı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişib. Çox zəngin intellekt sahibi olmuş bu şəxs çoxlu səyahət edib. Sonradan dörd il ərzində Alkid səhrasında tərki-dünya dərviş kimi ömür sürüb. Burada yəhudi və haldey dillərini öyrənib.
İeronim 386-cı ildə Vifleyemdə məskunlaşır. Burada uzun illər boyu “Bibliya”nı (“Əhdi-Ətiq” və “Əhdi-Cədid”i) latın dilinə tərcümə edir. On bir əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (“Vulqat”ın) rəsmi latın mətni elan edib. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.