“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir
Paris, 24 may, AZƏRTAC
Avropanın gələcək döyüş təyyarəsi proqramı olan “Scaf” (Gələcəyin Hava Döyüş Sistemi) layihəsi “Airbus” şirkətinin rəhbəri Giyom Forinin tənqid hədəfinə çevrilib. “Airbus” rəhbəri hesab edir ki, proqramın hazırkı konsepsiyası artıq müasir geosiyasi və hərbi reallıqlara cavab vermir və Ukrayna müharibəsinin ortaya çıxardığı nəticələr nəzərə alınmaqla yenidən işlənməlidir.
AZƏRTAC xəbər verir ki, Giyom Fori bu barədə Almaniyanın Manxinq şəhərində keçirilən “Airbus Defence Summit” tədbirinin açılışında çıxışı zamanı danışıb. O bildirib ki, “Scaf” proqramı artıq etibarlı olmayan bir sıra fərziyyələr əsasında hazırlanıb.
“Airbus” rəhbərinin sözlərinə görə, layihə 2017-ci ildə Fransa prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel tərəfindən, sülh dövründə başladılıb. Daha sonra, 2019-cu ildə İspaniya da proqrama qoşularaq təşəbbüsü gücləndirib. Fori qeyd edib ki, “Scaf” proqramının qarşıdakı onillikdə üzləşəcəyi çətinlikləri və reallıqları indidən qəbul etmək, layihə artıq irəliləmiş mərhələyə çatdıqdan sonra dəyişiklik etməyə məcbur qalmaqdan daha məqsədəuyğundur.
“Scaf” proqramı 2040-cı ilədək Fransa istehsalı olan “Rafale” və Almaniya-İspaniya-Britaniya istehsalı “Eurofighter” döyüş təyyarələrini əvəz etməyi nəzərdə tutur. Layihə yalnız yeni nəsil döyüş təyyarəsini deyil, həm də pilotsuz uçuş aparatları və rəqəmsal döyüş sistemlərindən ibarət inteqrasiya olunmuş hərbi platformanı əhatə edir.
Lakin proqramın həyata keçirilməsi çərçivəsində iştirakçı ölkələrin sənaye şirkətləri arasında fikir ayrılıqları davam edir. Xüsusilə “Airbus” və “Dassault Aviation” arasında idarəetmə və liderlik məsələləri ətrafında gərginlik yaşanır.
Giyom Fori çıxışında oxşar iş üsulları ilə birlikdə işləməyin “Scaf” proqramının əsas problemlərindən biri olaraq qaldığını bildirib. Bu açıqlama Fransanın “Dassault” şirkətinə ünvanlanmış tənqid kimi qiymətləndirilib.
“Dassault Aviation” isə uzun müddətdir proqram daxilində azlıqda lider olmaq istəmədiyini bildirir və idarəetmə strukturunun dəyişdirilməsini tələb edir.
Ekspertlərin fikrincə, Ukrayna müharibəsi müasir hava döyüşlərinin xarakterini ciddi şəkildə dəyişdirib. Pilotsuz sistemlərin rolu, elektron müharibə vasitələri və hava hücumundan müdafiə texnologiyalarının inkişafı gələcəyin döyüş təyyarələrinin konsepsiyasına birbaşa təsir göstərir. Bu səbəbdən “Scaf” proqramının yenidən nəzərdən keçirilməsi Avropa müdafiə sənayesində yeni strateji müzakirələrə yol aça bilər.