Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub
Salyan, 23 may, AZƏRTAC
Salyan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mərasimdə rəsmi şəxslər, rəssamlar, sənət adamları, ziyalılar, mərhum sənətkarın tələbələri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər İmanverdi Mustafayevin çoxşaxəli sənət dünyasından söhbət açıblar. Bildirilib ki, o, zəngin yaradıcılığı, rəng dünyası ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahib idi. İmanverdi Mustafayev çəkdiyi tablolara, süjetli kompozisiyalara xüsusi yanaşardı. Onun yaratdığı rəsm əsərlərində Vətənə, torpağa, xalqa bağlılıq, fırça ustasının tükənməz vətənpərvərliyindən xəbər verir. O da vurğulanıb ki, 90-cı illərin əvvəllərində ölkədə yaranan xaos dövründə İmanverdi Mustafayev Salyan Dövlət Rəsm Qalereyasına aid olan fondu qorumağa nail olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz onun qoruyub saxladığı əsərlərlə Salyan Dövlət Rəsm Qalereyası yenidən formalaşıb.
Sonda mərhum rəssamın ailəsi adından çıxış edən Mirməmməd Mustafayev mərasim iştirakçılarına minnətdarlığını ifadə edib. Vida mərasimindən sonra mərhumun cənazəsi son mənzilə yola salınıb. O, Salyan şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, rəssam, heykəltaraş İmanverdi Mustafayev 1955-ci il noyabrın 13-də Salyan şəhərində dünyaya göz açıb. Uzun sürən xəstəlikdən sonra 2026-cı il mayın 22-də 71 yaşında dünyasını dəyişib.
Müxbir - Aydın Yavərzadə