Sərbəst güləş turnirində 19 şəhər və rayondan 200-ə yaxın idmançı iştirak edib
Ağcabədi, 8 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ağcabədi Olimpiya Kompleksində azyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə 19 şəhər və rayondan 200-ə yaxın idmançı iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov Ulu Öndərin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində prioritetlər müəyyənləşdirildi.
Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışın sonunda ayrı-ayrı çəki dərəcələrində I, II, III yerləri tutan idmançılara diplom, medal və kuboklar təqdim edilib.