Serbiya, Avstriya və Macarıstan qanunsuz miqrasiya ilə birgə mübarizə aparacaq
Belqrad, 17 noyabr, AZƏRTAC
Serbiya, Avstriya və Macarıstan son dövrlərdə artan nizamsız miqrant axınına qarşı birgə mübarizə aparmaq üçün anlaşma memorandumu imzalayıb.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda Avstriyanın Federal Kansleri Karl Nehammer və Macarıstanın Baş naziri Viktor Orbanla qeyri-qanuni miqrasiya ilə mübarizə məsələsini müzakirə edib.
A.Vuçiç miqrant axınının keçən illə müqayisədə iki dəfə artdığını, bu məqsədlə Tunis və Burundi kimi ölkələrlə vizasız səyahətin ləğv edildiyini deyib. O, qeyri-qanuni miqrantların daha çox Şimali Makedoniya və Bolqarıstan üzərindən gəldiyini, Avstriya və Macarıstanın dəstəyi ilə Şimali Makedoniya sərhədinə termal kamera ilə təchiz olunmuş nəqliyyat vasitələrinin yerləşdiriləcəyini və xüsusi avadanlıqların quraşdırılacağını qeyd edib.
K.Nehammer ölkəsinin Serbiyaya 100 polis və texnika yardımı edəcəyini, qeyri-qanuni mühacirlərin deportasiyası layihəsini həyata keçirməyə qərar verdiklərini bildirib. O, üç ölkənin sərhədlərini qorumaq üçün birgə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib.
V.Orban isə ölkəsinin son iki ayda miqrant axını baxımından böyük təzyiqlə üzləşdiyini deyib.
Xatırladaq ki, üç ölkənin xarici işlər nazirləri oktyabrda Belqradda görüş keçirib, Avstriya və Macarıstan Serbiyaya qeyri-qanuni miqrant axını ilə mübarizədə köməklik göstərəcəyini bəyan edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad