Şərqşünas alim beynəlxalq vebinarda ölkəmizdə İpək Yolu sahəsində aparılan elmi tədqiqatlardan danışıb
Bakı, 1 fevral, AZƏRTAC
UNESCO-nun nəzdində fəaliyyət göstərən Asiya-Sakit okean regionu Qeyri-maddi mədəni irs üzrə Beynəlxalq İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP, Cənubi Koreya) ilə Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu (IICAS, Özbəkistan) tərəfindən “İpək Yolunda qeyri-maddi mədəni irs” mövzusunda beynəlxalq vebinar keçirilib. Tədbirdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim vebinar iştirakçılarına ölkəmizdə İpək Yolu sahəsində aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Ş.Mustafayev ölkəmizin yeni yaradılan beynəlxalq koordinasiya mərkəzinin işində iştirak perspektivlərini dəyərləndirib.
Vebinarda tarixi İpək Yolu üzərində yerləşən ölkələrin qeyri-maddi mədəni irsinin inventarizasiyası, müştərək tədqiqi və qorunması sahəsində atılacaq addımlar müzakirə olunub. Həmçinin bu istiqamətdə müxtəlif ölkələrdə aparılan fəaliyyətin əlaqələndirilməsi məqsədilə beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.