Şərqşünaslıq İnstitutunun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi İkinci Fəxri xiyabana gələrək 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, şəhidlərin xatirəsini dərin ehtiramla anan şərqşünas alimlər Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı Qələbə qazandığı, igid oğullarımızın torpaqları azad etmək uğrunda canlarından keçməklə ən uca - şəhidlik zirvəsinə yüksəldiklərini qeyd ediblər. Bu şanlı Qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.