Sertifikasiya imtahanlarından 5 mindən çox həkim uğurla keçib
Bakı, 10 iyul, AZƏRTAC
Bu ilin birinci yarışında sertifikasiya imtahanlarında iştirak etmək üçün 6 min 304 nəfərə buraxılış vərəqəsi verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 5 min 372 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 2 min 625 nəfəri 90 baldan çox, 2 min 43-ü 75-90 bal, 704-ü isə 60-75 bal toplayıb. İmtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilib. Əsasən terapiya, pediatriya, mamalıq-ginekologiya və ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edib.
İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün 4 minədək namizəd qeydə alınıb.
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.
Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrində çalışan, özəl tibb və ya əczaçılıq fəaliyyəti göstərən, ixtisasartırma kurslarını keçən ali və orta ixtisas təhsilli tibb mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.