Şərurun igid gəncləri həmişə vətənpərvərliyi və şücaəti ilə seçiliblər
Şərur, 4 noyabr, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunun igid gəncləri həmişə vətənpərvərliyi və şücaəti ilə seçiliblər. Vətən müharibəsində də şərurlu gənclər qəhrəmanlıq göstərərək məğlubedilməz bir diyarın övladları olduqlarını bir daha nümayiş etdiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Şərur Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə medalların təqdimolunması ilə bağlı keçirilən tədbirdə vurğulanıb.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək bildirib ki, qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma torpaqlarımızı işğaldan azad edərək düşmənə sarsıdıcı zərbələr vurdu, tarixi ədaləti bərpa etdi. Ərazilərimizin düşmən tapdağından azad olunmasında öz canlarını, qanlarını əsirgəməyən şəhidlər, qazilər orden və medallarla təltif olunublar. Onlar arasında Şərur rayonundan olan gənclər də var. Müqəddəs savaşda 28 şərurlu gənc şəhidlik zirvəsinə ucalıb. Bugünədək 7 şəhid ailəsi mənzillə təmin olunub.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Həsən Məmmədov çıxışında deyib ki, haqq savaşında Azərbaycanın bütün bölgələri kimi, Şərur rayonunun oğulları da qorxmazlıq və igidlik nümayiş etdiriblər. Onlardan şəhid leytenant Əbilov Kamal Vidadi oğlu və şəhid leytenant Səfərov Şahmar Nazim oğlu “Kəlbəcərin azad olunmasına görə”, qazimiz Məmmədov Uğur Qulu oğlu və baş gizir Məmmədov Amil Ədalət oğlu “Şuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Vətən müharibəsi şəhidi, leytenant Kamal Əbilovun atası Vidadi Əbilov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Sonra şəhid ailələrinə, qazilərə medal və vəsiqələr təqdim olunub.