SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININNÜMAYƏNDƏLƏRİ ŞƏKİDƏ OLMUŞLAR
Şəhərlə tanışlıq Şərq memarlığının incilərindən olan Şəki xanlarının sarayından başlandı. Qonaqlar əvvəlcə sarayın həyətində yerli rəqs kollektivlərinin ifasında milli rəqslərə baxdılar, xalq mahnılarını, muğamları dinlədilər, xatirə şəkilləri çəkdirdilər. Sarayla tanışlıq, verilən ətraflı məlumat qonaqların böyük marağına səbəb oldu.
Daha sonra dost ölkənin nümayəndələri Şəki Dövlət Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Tarix-diyarşünaslıq muzeyinə gəldilər. Muzeydə nümayiş etdirilən çoxsaylı eksponatlar əsasında qonaqlara bu qədim diyar barədə daha ətraflı məlumat verildi.
XVIII əsrə aid memarlıq abidəsi olan Yuxarı Karvansara ilə tanışlıq da böyük maraq doğurdu.
Sonra qonaqlar dağlıq ərazidən şəhərin panoramını seyr etdilər, ipək məmulatlarının satıldığı dükan və mağazaları gəzdilər, Cümə məscidində günorta namazı qıldılar.
Səfərin sonunda şəhər rəhbərliyi adından “Şəki Saray” hotelində hörmətli qonaqların şərəfinə ziyafət verildi, dost ölkənin nümayəndələrinə hədiyyələr təqdim edildi.
Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədəni Şəkiyə səfərlə bağlı təəssüratını bölüşərək dedi:
- Ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələr çox sürətlə inkişaf edir. Xalqlarımız qədim köklərə malik olan mədəni və dini tellərlə bir-birinə sıx bağlıdır. Son illər Azərbaycanda çox sürətli inkişafın və dirçəlişin şahidi oluruq. Biz öyrənmişik ki, bu inkişaf ilk növbədə, mərhum Prezident Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin çoxsahəli səmərəli fəaliyyətlərinin məntiqi nəticəsidir. Sizin çox qədim, zəngin, rəngarəng, eyni zamanda, çox maraqlı mədəniyyətiniz var. Xan sarayı ilə tanışlıq zamanı biz bunun bir daha şahidi olduq. Bu saray böyük sənətkarlıq nümunəsidir.
Ölkələrimizin istər mədəni, istərsə də digər sahələrdə əlaqələrinin gələcəyi çox ümidvericidir. Biz Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməyi düşünürük. İstəyirik ki, 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan mədəniyyəti günlərinin, 2008-ci ildə isə Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığı mədəniyyəti günlərinin keçirilməsinə nail olaq.