SƏUDİYYƏ ƏRƏBİSTANI YOXSUL ÖLKƏLƏRƏ YARDIM FONDU YARATMAĞI TƏKLİF ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 22-də Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz al Səudun təklifi ilə Ciddə şəhərində aparıcı neft hasilatçısı və istehlakçısı olan ölkələrin görüşü keçirilmişdir. Dünyanın 35 ölkəsinin, bir çox beynəlxalq təşkilatların və aparıcı neft şirkətləri nümayəndələrinin qatıldığı görüşdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiy nümayəndə heyəti təmsil edir.
Görüş ərəfəsində Ciddəyə gəlmiş ABŞ-ın energetika naziri Semyuel Bodman jurnalistlərə bildirmişdir ki, neftin qiymətini aşağı salmaq üçün onun hasilatını artırmaq lazımdır. Nazirin fikrincə, neft kəşfiyyatına və hasilatına ayrılan vəsaitin məbləği də artırılmalıdır. Enerji daşıyıcılarının qiymətinin aşağı salınması ilə bağlı məsuliyyət təkcə istehsalçı ölkələrin üzərinə düşməməlidir. İstehlakçı ölkələr də enerji səmərəliliyini artırmağa və alternativ enerji mənbələrini fəal inkişaf etdirməyə çalışmalıdırlar.
Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz al Səud bildirmişdir ki, neft ixrac edən ölkələr neftin qiymətinin sabitləşdirilməsində daha yaxından iştirak etməlidirlər. Bu sahədə başlıca tədbirlərdən biri dolların qiymətdən düşməsinin qarşısının alınmasıdır. Belə ki, aparıcı birjalarda neftin qiyməti məhz dollarla müəyyənləşdirilir.
Ər-Riyad OPEK ölkələrinə neftin qiymətinin qalxmasından əziyyət çəkən yoxsul ölkələrə yardım məqsədi ilə 1 milyard dollar məbləğində fond yaratmaq, habelə “Enerjini - yoxsullara” təşəbbüsünü qəbul etmək təklifini irəli sürmüşdür. Səudiyyə Ərəbistanı enerji daşıyıcıları qiymətinin son zamanlar kəskin qalxmasından əziyyət çəkən dövlətlərə 500 milyon dollar məbləğində güzəştli kreditlər ayırmağa hazırdır.
“Royal Datç-Şell” şirkətinin icraçı direktoru Ceren van der Vir görüş başa çatandan sonra jurnalistlərə bildirmişdir ki, müşavirədə yaxşı ideyalar səsləndirilmişdir. Lakin bu, o demək deyildir ki, neftin qiyməti tezliklə aşağı düşəcəkdir.