Seyid Yəhya Bakuvi irsinin doğma vətəni Azərbaycanda yenidən öyrənilməsi mühüm hadisədir
İsmayıllı, 7 dekabr (AZƏRTAC). Azərbaycan xalqının zəngin mədəni və milli-mənəvi irsinin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin “Seyid Yəhya Bakuvi (Şirvani) ili” elan edilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də bu nadir irsin öyrənilməsinə güclü təkan vermişdir.
Bu baxımdan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) bölgələrdə keçirdiyi mədəni irs seminarları xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, Şamaxı və Ağsu rayonlarından sonra növbəti belə bir seminar dekabrın 7-də İsmayıllıda keçirilmişdir. Rayon ziyalılarının, ağsaqqalların və gənclərin qatıldıqları seminarda Bakuvi və Xəlvətilik təriqətinin tədqiqatçılarından olan Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım, bu institutun əməkdaşı, filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyev, “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və başqaları çıxış edərək Xəlvətilik təriqətinin banisi Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığı, fəlsəfi görüşləri və s. barədə geniş məlumat vermişlər.
Natiqlər 20-dən artıq əsər yazmış bu böyük sufi mütəfəkkirinin yaratdığı Xəlvətilik təriqətinin XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olduğunu, müsəlman aləmində geniş şəkildə yayıldığını söyləmişlər.