Bakı Musiqi Akademiyasında “Nəriman Həsənzadə – 95” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Nəriman Həsənzadə – 95” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, Tarix-nəzəriyyə fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə akademiyanın professor-müəllim heyəti, münsiflər və tələbələr iştirak ediblər. Tədbir Xalq şairi Nəriman Həsənzadənin ömür yolunu əks etdirən videotəqdimatla başlanıb.
Mərasimdə şairin poeziyası haqqında geniş söhbət açılıb, onun sözlərinə bəstələnmiş mahnılar ifa edilib.
Tədbir çərçivəsində qaliblərin hazırladığı yaradıcı videoçarxlar nümayiş olunub. Videoçarxların dərin fəlsəfi məzmunu, estetik görüntüləri və yüksək emosional təsiri tamaşaçılarda xoş təəssürat yaradıb.
Münsiflər heyətinin qərarı ilə müsabiqənin müxtəlif nominasiyaları üzrə qalibləri müəyyənləşdirilib. Həmçinin qaliblərə pul mükafatı təqdim olunub.
Müsabiqənin ən yüksək mükafatı – Qran-Pri Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin I kurs tələbəsi Eyyub Əliyevə təqdim edilib.
Tədbirin sonunda nümayiş olunan videogörüntüdə Xalqın şairi Nəriman Həsənzadə tələbələrə təşəkkürünü ifadə edib, onların yaradıcılıq təşəbbüsünü və şeirə olan həssas münasibətini yüksək qiymətləndirib.