Bəstəkarlar İttifaqında tədbir - Heydər Əliyev və musiqi mədəniyyəti
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Ulu Öndərin Azərbaycan mədəniyyətinə, xüsusilə musiqi sənətinə göstərdiyi misilsiz qayğıdan bəhs edib. O, Heydər Əliyevin musiqiçilərin ən yaxın dostu və himayədarı olduğunu vurğulayaraq, dahi rəhbərin uzaqgörən siyasəti sayəsində milli musiqi irsimizin beynəlxalq aləmdə tanındığını qeyd edib.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyev və musiqi mədəniyyəti”, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, musiqişünas Fidan Nəsirova-Əhmədova “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayı”, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri Aysel Kərim isə “Milli musiqi mədəniyyətinin hamisi: Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda çıxış ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin milli musiqi sənətinə göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rol oynayıb, Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılmasına geniş imkanlar yaradıb.
Tədbir bədii hissə ilə davam edib.
Ulu Öndər Heydər Əliyevin öz ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının videoyazısı təqdim olunub.
Proqramın davamında bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi “Bayraq müqəddəsdir” əsəri (vokal: Cahangir Qurbanov) videoçarx formatında nümayiş etdirilib.
Tədbirin kulminasiya nöqtəsi isə bəstəkar İlahə Qismətin Ulu Öndərin əziz xatirəsinə həsr etdiyi, solistlər, xor və orkestr üçün yazılmış “Sən dahisən” kompozisiyasının təqdimatı olub. Əsər Arif Aslanovun bədii rəhbərliyi ilə “Avanqard” kamera orkestri və Azərbaycan Milli Konservatoriyasının Tələbə Xoru (xormeyster: Əməkdar müəllim Təranə Yusifova) tərəfindən ifa olunub. Kompozisiyanın solistləri Xalq artisti Heydər Anatollu, Orxan Cəlilov və müəllif özüdür.