Şeyx Mirhəmzə Seyid Nigarinin adı Qarabağ ilə Amasyanı birləşdirən mənəvi körpüdür
Bakı, 15 iyun (AZƏRTAC). Zəngəzurun Cicimli kəndində (Laçın rayonu) dünyaya göz açmış, nəqşibəndi təriqətinin ən nüfuzlu şeyxlərindən olan Mirhəmzə Seyid Nigarinin (1805-1885) adı 150 ildən çoxdur ki, Osmanlı-Türkiyədə “Şahzadələr şəhəri” kimi tanınan Amasya bölgəsində xüsusi ehtiramla, məhəbbət və sevgi ilə çəkilir. Onun məzarı üzərində ucaldılmış möhtəşəm məscid amasyalıların gündəlik ibadət yerinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində “Zəngəzur” Cəmiyyətləri Birliyi Türkiyənin Amasya şəhərindəki məscidin qarşısında toplaşan dindarlarla görüş keçirmişdir.
“Zəngəzur” Cəmiyyətləri Birliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə XIX əsrdə çar Rusiyasının təqibləri səbəbindən Şamaxı, Qazax, Laçından köç etmiş insanların törəmələri olan ağsaqqalların, dindarların Azərbaycan, Qarabağla bağlı çoxsaylı sualları cavablandırılmışdır. Onlara Azərbaycanın görməli yerlərini, son illər əldə etdiyi uğurları əks etdirən fotoalbomlar paylanmış, Bakıda nəfis tərtibatda nəşr edilmiş 826 səhifəlik “Mir Həmzə Seyid Nigari Divanı” kitabı məscidə hədiyyə edilmişdir.
Faktlarla qeyd edilmişdir ki, bu bölgədən Azərbaycan kökənli onlarla Türkiyə Böyük Millət Məclisinin deputatı, bələdiyyə sədri, hərbi, siyasi, elm xadimi çıxmışdır.
İyunun son günlərində Amasyadan Qazax, Kürdəmir, Ağsu, Şamaxı rayonlarına avtobusla səyahətə yola düşəcək qrup üzvləri də ata-baba yurdları ilə görüşü həsrətlə gözlədiklərini bildirmişlər. Bu xeyirxah işin təşkilatçısı, amasyalıların könlündə Azərbaycan, Seyid Nigari sevgisinin şölələnməsində çoxlu xeyirli işlər görən hörmətli ziyalı Muttalip Ulutanrıverdinin səyləri yüksək dəyərləndirilmişdir.
Amasya Universitetinin Konqres və Kültür Mərkəzində keçirilən görüşdə də Azərbaycan sevgisi, Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmuşdur.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlu universitetə xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolunu əks etdirən kitabları, Azərbaycan haqqında videodisklər, görkəmli yazıçı Mir Cəlal Paşayevin türk dilində çıxmış bədii əsərlərini, Qarabağ haqqında türk, ingilis, fars dillərində nəşr edilmiş kitablar, erməni qətliamlarını əks etdirən fotoalbomlar təqdim etmiş, xatirə şəkilləri çəkdirilmişdir.